Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası davam edir.
Kampaniyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin təlimlərdə iştirak edərək maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarı ilə Dayanıqlı İnkişaf Məqsədinin çatılmasında gənclərin rolunun artırılmasına nail olmaqdır.
Kampaniya gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil sahəsində çatışmazlıqlar, sağlamlıq məsələlərində məlumatsızlıq kimi sahələri əhatə etməklə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə birləşdirir. Bu istiqamətdə “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində keçirilən sorğu artıq başa çatıb. Sorğuda 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri iştirak edib. Həmçinin, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunub. Hazırda fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin məlumatlılığının artırılması məqsədi ilə kampaniya davam etdirilir. Statistik məlumatların əks olunduğu infoqrafiklər sosial şəbəkələrdə yayımlanır.
Qeyd edək ki, kampaniya çərçivəsində iki sosial video-çarx hazırlanıb. İlk video Keyfiyyətli təhsil mövzusunu əhatə edib. Video çarxda cəmiyyətdə təhsilin vacibliyi və uşaqlar üçün keyfiyyətli təhsilin əhəmiyyəti vurğulanıb. Məhz təhsil vasitəsi ilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır, mövcud insan kapitalı inkişafının sürətli və davamlı olmasına şərait yaradır ki, bu da ilk növbədə təhsilin məzmunundan, nəyin və necə öyrənilməsindən, öyrənən-öyrədən münasibətlərinin düzgün tənzimlənməsindən əhəmiyyətli dərəcədə asılıdır.
Bu kampaniyaya qoşularaq sənətçilərimiz öz fikirlərini bölüşüblər:
Xalq artisti Eldar Mansurov da mövzu barədə öz fikirlərini bildirib: “Bütün şagirdlər, tələbələr savad qazanmağa xüsusi diqqət yetirməlidirlər. Biz valideynlərimizdən həyat dərsi alırıq, müəllimlərimiz vasitəsilə isə digər biliklərə yiyələnirik. Bunlar üst-üstə gəldikdə gələcəkdə cəmiyyətimizə gərəkli şəxsiyyətlər formalaşır”.
Teleaparıcı Ceyhun Əli qeyd edib: “Təhsili təkcə məktəbdə almırıq. Təhsil həyat tərzidir. Öyrənməyə və təhsil almağa sevgi ailədən başlanır. Övladlarımızın təhsil almasına qayğımızı əsirgəməyək”.
Əməkdar artist Tünzalə Ağayeva: "Təhsilsiz, intellektsiz insan hər zaman gücsüz insan sayılır. Günümüzdə intelektin, savadın, bütün nəaliyyətlərimizin başında yaxşı təhsil durur” deyə qeyd edib.
Daha Yaxşı Gələcək Üçün övladlarımıza KEYFİYYƏTLİ TƏHSİL VERƏK! Ətraflı olaraq video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=ri0f3D55_K0 ) daxil ola bilərsiniz:
İkinci video-çarx cəmiyyətimizdə vacib mövzulardan biri olan gender bərabərliyindən danışılıb. Hal-hazırda, qlobal miqyasda, gender bərabərsizliyi milyonlarla insanın inkişafını məhdudlaşdırır. Lakin son yüz il ərzində dünya dövlətləri gender problemlərinin həlli istiqamətində böyük addımlar atıb. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri dünyada qadınlara və qızlara qarşı olan ayrı-seçkiliyə son qoymağa nail olmaqdır.
Taekvando üzrə Azərbaycan Millisinin üzvü Fəridə Əzizova qeyd edib: “Gender bərabərsizliyi cəmiyyətimizin əsas problemlərindən biridir. Bu ailələrdə də özünü biruzə verir. Ailələrdə qız uşaqları daha çox məhdudlaşdırılır. Mən də bu problem ilə qazşılaşırdım. Döyüş idmanı ilə məşğul olmaq ailəmi cəmiyyətdən gələn təyziqlərlə də üzləşdirirdi. Lakin bu mənim üçün böyük şans idi, mən idman sayəsində çox şey qazandım”. Uğurlarım artdıqca cəmiyyətdəki təyziq də azaldı”
Daha sağlam və dayanıqlı gələcək uğrunda gender əsaslı ayrı-seçkiliyə son qoyaq! Video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=0vdP8kTdaOY&t=28s) daxil ola bilərsiniz.
Məlumat üçün bildirək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoymaq və rifahı təşviq etmək barəsində razılığa gəliblər.