Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi üzrə keçirilən media kampaniyasına yekun vurulub

Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi üzrə keçirilən media kampaniyasına yekun vurulub

Xəbərlər

Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi üzrə keçirilən media kampaniyasına yekun vurulub

calendar_today 27 August 2021

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT Əhali Fondu (UNFPA) və BMT İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsi çərçivəsində icra olunan media kampaniyasına yekun vurulub.

Kampaniyanın yekunlarına dair tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev, BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, BMT İnkişaf Proqramının  Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist iştirak ediblər.

Tədbirdə çıxış edən R.Dayıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin önəmindən bəhs edib. O, layihənin həssas qrupların hüquqlarının və rifahının təminatı, onların məşğulluq imkanlarının artırılması sahəsində hökumətin apardığı işlərə mühüm dəstək olduğunu deyib. Layihə çərçivəsində həyata keçirilmiş media kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.

F.Babayev bildirib ki, ötən 5 ay ərzində media kampaniyasına cəlb olunan 50-dək əlilliyi olan şəxs və media nümayəndəsinə qruplar halında yaradıcılıq və  səmt təlimləri təşkil edilib. “Kampaniyanın gedişatında hazırladıqları videoçarxlar və məqalələr vasitəsilə iştirakçılar əlilliyi olan insanlar üçün müyəssərliyin və bərabər imkanların yaradılmasını təşviq edirlər”, deyə F.Babayev qeyd edib.

Ç.Bist vurğulayıb ki, media məlumatlılığın artırılması istiqamətində, eləcə də damğalanmaya və dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə ola bilər. Onun sözlərinə görə, medianın cəmiyyətdəki yanlış təsəvvürlərin dəyişdirilməsində və əlilliyi olan insanların cəmiyyətə layiqincə təqdim edilməsində rolu danılmazdır.

“Education HUB”  MMC  tərəfindən icra edilən kampaniyası əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviqi məqsədi daşıyıb.

Media kampaniyası çərçivəsində layihənin həyata keçirildiyi Bakı, Salyan və Masallı rayonlarında yaşayan 50 nəfər əlilliyi olan qadın, Qarabağ müharibəsi veteranı və media nümayəndələrindən ibarət birgə qruplar formalaşdırılıb və 2021-ci ilin aprel ayında həmin qruplar üçün onlayn səmt təlimləri təşkil edilib.

Təlimlərdə iştirak edən qruplar əlilliyi olan şəxslər üçün əlverişli mühitin yaradılması və inklyuzivliyin təşviqi məqsədilə sosial videoçarxlar və KİV üçün məqalələr hazırlayıb. Materialların hazırlanması prosesində qruplara peşəkar mentorlar tərəfindən dəstək göstərilib. Media kampaniyasının yekununda ərsəyə gələn sosial videoçarxlar və məqalələrin içərisindən münsiflər heyəti tərəfindən ən yaxşı nümunələr seçilib.

Beləliklə, I yerin qalibi 900 AZN, II yerin qalibləri hər biri 600 AZN, III yerin qalibləri isə hər biri 300 AZN məbləğində mükafatlandırılıblar.

Qeyd edək ki, “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının təmin olunması və sosial rifahının yaxşılaşdırılması” layihəsi 2019-2021-ci illəri əhatə edir. Sözügedən layihənin əsas məqsədi qadınlara və Qarabağ müharibəsi veteranlarına xüsusi diqqət yetirilməklə, Azərbaycan hökuməti tərəfindən əlilliyi olan şəxslərin sosial təminat hüquqlarının müdafiəsi, təmin edilməsi və həyata keçirilməsi istiqamətində göstərilən səylərə dəstək verməkdən ibarətdir.