You are here

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi geniş ictimaiyyət və səhiyyə işçiləri üçün koronavirus xəstəliyinin profilaktikası mövzusunda bir sıra maarifləndirici materiallar hazırlayıb. Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) ilə birgə ərsəyə gətirilən materiallar sırasında hamilə qadınların və süd verən anaların COVID-19-la bağlı bilməli olduğu zəruri məlumatlar olan yaddaş kitabçası, eləcə də həkimlər üçün koronavirus və hamiləliklə bağlı beynəlxalq təcrübəyə əsaslanan tövsiyələri əhatə edən buklet yer alır. Sözügedən materiallar Assosiasiya və ETMGİ tərəfindən Bakı şəhərində fəaliyyət göstərən perinatal mərkəzlərə, doğum evlərinə və qadın məsləhətxanalarına paylanaraq bu müəssisələri gündəlik ziyarət edən hamilə qadınların və gənc anaların COVID-19 mövzusunda maarifləndirilməsi üçün nəzərdə tutulub.

“Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu artıq uzun müddətdir ki hamiləlik, ana və yenidoğulmuşların sağlamlığı sahələrində BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlıq edir. Hazırkı pandemiya şəraitində hamilələrin, gənc anaların və onların körpələrinin COVID-19 infeksiyasından qorunması bizim ən başlıca vəzifələrimizdən birinə çevrilib. Bu işin öhdəsindən layiqinə gələ bilməkdən ötrü ilk növbədə insanları düzgün maarifləndirməyimiz önəmli rol oynayır. BMT-nin Əhali Fonduna bu işdə bizə dəstək verdikləri üçün minnətdarlığımızı bildiririk”, deyə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının rəhbəri Cəmilə Qurbanova qeyd edib.

“Yaşadığımız çətin pandemiya günlərində bu mübarizənin ön xəttində olanlar məhz səhiyyə işçiləridir. Bu sırada ana və körpə sağlamlığı ilə məşğul olan, hər gün yüzlərlə körpənin təhlükəsiz və sağlam mühitdə dünyaya gəlməsinə cavabdeh olan mamaların və həkimlərin üzərinə həmişəkindən daha ağır yük düşür. BMT-nin Əhali Fondu olaraq biz də bu həyati vacib sahədə fəaliyyət göstərən səhiyyə işçilərinin əməyinə töhfə vermək məqsədilə müxtəlif yollarla dəstəyimizi əsirgəməməyə çalışırıq”, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.   

Qeyd edək ki, ETMGİ tərəfindən maarifləndirici materialların aidiyyatı müəssisələr üzrə paylanmasına artıq başlanılıb.