Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Tarixi Nayrobi Sammitindən bir il ötür - qlobal pandemiyaya baxmayaraq dünya dövlətləri qadın və qızların sağlamlığı və hüquqlarının qorunması sahəsində fəaliyyətlərini davam etdirir

Tarixi Nayrobi Sammitindən bir il ötür - qlobal pandemiyaya baxmayaraq dünya dövlətləri qadın və qızların sağlamlığı və hüquqlarının qorunması sahəsində fəaliyyətlərini davam etdirir

Press-reliz

Tarixi Nayrobi Sammitindən bir il ötür - qlobal pandemiyaya baxmayaraq dünya dövlətləri qadın və qızların sağlamlığı və hüquqlarının qorunması sahəsində fəaliyyətlərini davam etdirir

calendar_today 13 November 2020

COVID-19 pandemiyasının dünya ölkələrinin əhalisinin sağlamlığına və iqtisadiyyatına ciddi mənfi təsir göstərməyə davam etdiyi bir dövrdə hökumətlər, qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə qurumları və özəl sektor inkişaf etməkdə olan ölkələrdə qadınların və qızların sağlamlıq və hüquqların qorunmasına yönəlmiş proqramların icrasına verdikləri siyasi, maliyyə və maddi dəstəyini artırır.

Bir il öncə dünyanın bütün ölkələrindən nümayəndələr 1994-cü ildə baş tutmuş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 25-ci ildönümünü qeyd etmək və 2030-cu ilədək qarşısı alına bilən ana ölümlərinin aradan qaldırılması, dünya əhalisinin kontrasepsiya ehtiyaclarının tam ödənilməsi və erkən nikahlar, qadın sünnəti və bu kimi digər gender-əsaslı zorakılıq hallarına və zərərli təcrübələrə son qoyulması ilə bağlı qətiyyətli öhdəliklərini bəyan etmək məqsədilə tarixi əhəmiyyət kəsb edən Nayrobi Sammitində bir araya gəldilər. Sammitin boyunca 170 ölkədən 8000-dən çox nümayəndə cinsi və reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların müdafiəsini dəstəkləməklə bağlı maliyyə və digər sahələrdə 1250-dək öhdəliyi öz üzərinə götürdülər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşmış agentliyi olan BMT-nin Əhali Fondu (UNFPA) bugünkü günə əsas donor ölkələrin hökumətlərinin Nayrobidə elan etdikləri öhdəliklərini artıq həyata keçirməyə başladıqlarını bəyan edir. Onlardan bəziləri isə qadınların və qızların müdafiəsi işinə tərəddüdsüz sadiqliyini nümayiş etdirərək buna ən çox ehtiyacın olduğu bir zamanda vədlərini hətta artıqlaması ilə yerinə yetirməkdədirlər.

“Nayrobidə götürülmüş öhdəliklər indi hər zamankindən daha artıq əhəmiyyətə malikdir. Qarşımızda yüksək hədəflər müəyyən etmək qabiliyyətimizə heç bir təsir göstərməyərək, COVID-19 böhranı yalnız bizim diqqətimizi və qətiyyətimizi daha da artırmış oldu”, - deyə UNFPA-nın icraçı direktoru Nataliya Kanem qeyd edir. “Kollektiv səylərimizi dəstəkləmək və qadınlara və qızlara verdiyimiz vədləri yerinə yetirmək üçün cəsarətli addımlar atan dövlət, özəl sektor və vətəndaş cəmiyyətindəki tərəfdaşlarımızın sayı məni ilhamlandırır. Birliyimizi qoruyaraq biz qalib gələcəyik."

Bütün dünya üzrə vətəndaş cəmiyyətini, özəl sektoru, elmi-pedaqoji və akademik dairələri, eləcə də digər maraqlı tərəfləri təmsil edən misilsiz sayda iştirakçı 2030-cu ilədək qarşısı alına bilən ana ölümlərinin sıfıra endirilməsi, ailə planlaşdırılmasına dair ehtiyacların tam şəkildə təmin edilməsi və gender-əsaslı zorakılıq halları və zərərli təcrübələrə son qoyulmasını hədəfləyən məqsədlərə nail olmaq üçün səylərini bir araya gətirərək 8 mlrd. ABŞ dollarından artıq vəsaitin ayrılacağını açıqlayıb. Dünya hökumətləri, eyni zamanda, aşağıda qeyd edilən resursların ayrılmasını ehtiva edən genişmiqyaslı öhdəliklərini də bəyan edib:

  • UNFPA tərəfindən təmin edilən kontraseptiv vasitələrin tədarükü həcmlərinin artırılması məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfindən 425 mln. funt sterlinq (təqribən 552 mln. ABŞ dolları);
  • 2019–2025-ci illər üzrə inkişafa və humanitar yardımın göstərilməsinə dəstək kontekstində cinsi və reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların müdafiəsi məqsədilə Norveç tərəfindən 11 mlrd. krondan artıq vəsait (təqribən 1,2 mlrd. ABŞ dolları);
  • cinsi və reproduktiv sağlamlığın qorunması və reproduktiv hüquqların müdafiəsi məqsədilə Almaniya tərəfindən 20 mln. avro (təqribən 23 mln. ABŞ dolları), eləcə də UNFPA-nın COVID-19 pandemiyası ilə əlaqədar cavab tədbirlərinin icrası üçün 30 mln. avro (təqribən 35 mln. ABŞ dolları);
  • yeniyetmələrin cinsi və reproduktiv sağlamlığının qorunması və reproduktiv hüquqlarının müdafiəsi məqsədilə Avropa İttifaqı tərəfindən 29 mln. avro (təqribən 34 mln. ABŞ dolları);
  • cinsi və reproduktiv sağlamlığın qorunması məqsədilə Danimarka tərəfindən 100 mln. kron (təqribən 16 mln. ABŞ dolları).

2020-ci ilin sentyabr ayında UNFPA Nayrobi Sammitində qəbul edilmiş bütün öhdəliklərin COVID-19 pandemiyası dövründə də qüvvədə qalmasını təmin etmək məqsədilə Yüksək Səviyyəli Komissiya yaratdı. Tanzaniya Birləşmiş Respublikasının keçmiş prezidenti Jakaya Kikvete və Kanadanın keçmiş general-qubernatoru Mikael Janın rəhbərlik etdiyi bu komissiya hamı üçün hüquqların və seçim imkanlarının təmin olunduğu nizamın formalaşdırılmasına doğru Nayrobidə müəyyən edilmiş irəliləmə dinamikasının dəyişilməz qalması istiqamətində tövsiyələr verəcəkdir.

"Biz qurulmasına nail olmaq üçün mübarizə apardığımız dünyanı – cinsi və reproduktiv sağlamlığın qorunmasının və reproduktiv hüquqların müdafiəsinin hamı üçün təmin olunduğu bir dünyanı heç vaxt nəzərimizdən qaçırmamalıyıq", - deyə xanım Kanem fikrini yekunlaşdırır.