Go Back Go Back
Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyası yekunlaşıb

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyası yekunlaşıb

“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyası yekunlaşıb

calendar_today 07 June 2017

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasına yekun vurulub. Kampaniya noyabr 2016 - iyun 2017-ci il tarixlərini əhatə edib.

Kampaniya gəncləri BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıyırdı. Kampaniya əsasən gənclər arasında təbliğat-təşviqat işinin aparılması vasitəsi ilə dayanıqlı inkişaf məqsədlərinə nail olma prosesində onların rolunun artırılmasına yönəlmişdir.

Kampaniya vasitəsilə gənclərə ötürüləcək məlumatın onların onlara uyğun olması məqsədilə layihənin ilk mərhələsində gənclər təşkilatlarının rəhbərləri, əməkdaşları və üzvləri arasında sorğu keçirilib. Sorğuda  68 gənclər təşkilatından 22 gün ərzində 324 gənc iştirak edib. Bununla yanaşı, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində təşkil olunmuş 2 günlük təlimlər 80 gəncin iştirakı ilə baş tutub.

Gəncə şəhərində keçirilən 2 günlük təlimdə iştirakçı Məmmədtahir Şamxalov öz fikrini bölüşüb. “Əlilliyi olan gənc cəmiyyətdən kənarda qalır, çünki onun cəmiyyətə inteqrasiyası çətin bir prosesdi. Biz gənclər olaraq, həmin əlilliyi olan gənclərə, yaşlı insanlara və uşaqlara dəstək olaraq onların cəmiyyətə inteqrasiyasını təmin edə bilərik və cəmiyyətdə onların rolunu daha geniş şəkildə həyata keçirilməsini öz üzərimizə götürə bilərik”.  "Gender bərabərsizliyi və sağlam həyat tərzində gənclərin rolu" mövzusunda keçirilən təlimdə fəal gənc Sunay Qardaşova bildirib ki, “Bilmədiyimiz bir çox məsələ var idi ki, onları burada aydınlaşdırdıq. Məsələn, hər hansısa qonşumda, qohumumda və yaxud yaxınımda görsəm ki, onlar zorakılığa məruz qalır, əri yoldaşını döyür, bunu mən kiməsə bildirə bilərəm, özüm müdaxilə edə bilərəm. Təlimçilərə dərin minnətdarlığımı bildirirəm”.  Lənkəran şəhərin fəal gənci olan Nəsib Əliyev təlimlə bağlı öz fikrini bölüşüb. Nəsib qeyd edib ki, “Dost-tanışlarım var amma onlar burda keçirilən təlimə gələ bilmirlər. Bizə verilən məsləhətlərdən, təlimdə keçirilən, öyrədilən işləri mən də həmçinin onlara ətraflı  məlumat verəcəm”. Kampaniya zamanı sorğu və təlimlərlə yanaşı sosial şəbəkələrdə statistik məlumatların əks olunduğu info-qrafiklər paylaşılıb.

Kampaniya müddətində Keyfiyyətli Təhsil, Gender Bərabərliyi və Yaxşı Səhiyyə və Rifah məqsədləri üzrə 3 sosial video-çarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub. İlk video “Keyfiyyətli təhsil” mövzusunu əhatə edib. Video çarxda cəmiyyətdə təhsilin vacibliyi və uşaqlar üçün keyfiyyətli təhsilin əhəmiyyəti vurğulanıb. Məhz təhsil vasitəsi ilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır, mövcud insan kapitalı inkişafının sürətli və davamlı olmasına şərait yaradır ki, bu da ilk növbədə təhsilin məzmunundan, nəyin və necə öyrənilməsindən, öyrənən-öyrədən münasibətlərinin düzgün tənzimlənməsindən əhəmiyyətli dərəcədə asılıdır. Ətraflı olaraq video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=ri0f3D55_K0 ) daxil ola bilərsiniz.


İkinci video-çarx cəmiyyətimizdə vacib mövzulardan biri olan gender bərabərliyindən danışılıb. Hal-hazırda, qlobal miqyasda, gender bərabərsizliyi milyonlarla insanın inkişafını məhdudlaşdırır. Lakin son yüz il ərzində dünya dövlətləri gender problemlərinin həlli istiqamətində böyük addımlar atıb. Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri dünyada qadınlara və qızlara qarşı olan ayrı-seçkiliyə son qoymağa nail olmaqdır. Üçüncü video-çarxda sağlamlıq, gender ayrı-seçkiliyi, erkən nikahlar və sağlamlığa təsir edən digər mövzulara toxunulub. Video çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=0vdP8kTdaOY&t=28s) daxil ola bilərsiniz. 

Üçüncü video-çarx Yaxşı Səhiyyə və Rifah mövzusunda sağlamlıq, gender ayrı-seçkiliyi, erkən nikahlar və sağlamlığa təsir edən digər mövzulara toxunulub. Bakı, Gəncə, Lənkəran və Quba şəhərlərində gənclər mövzü ətrafında öz fikirlərini çatdıraraq hər kəsə çağırış nitqi ilə səsləniblər. Ətraflı olaraq video-çarxı izləmək üçün bu linkə (https://www.youtube.com/watch?v=A0k9Qp6kwtk) daxil ola bilərsiniz.

Kampaniya çərçivəsində, eyni zamanda, “Məqsədlərə doğru birlikdə!” adlı sosial aksiya keçirilib. Gün ərzində davam edən bu tədbirdə musiqili proqram çərçivəsində müxtəlif tanınmış simalar çıxış edərək 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında gənclərə çağırışlar edib və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyiblər. Aksiya zamanı həmçinin, mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib və qalib gənclərə hədiyyələr təqdim olunub. Ümumilikdə 1,035 gənc lövhəyə imza ataraq Dayanıqlı İnkişaf Məqsədlərinə öz dəstəyini nümayiş etdirib.

Kampaniyanın yekunu olaraq ADA Universitetində konfrans keçirilib. Yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılması olub. Konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş məşhur simalar, gənclər və mətbuat nümayəndələri iştirak edib. Konfransda kampaniya çərçivəsində fəaliyyətlərinin hesabat video-çarxı da təqdim olunub.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev: "Azərbaycanda gənclərlə bağlı görülən işlərin təməlində Ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Bu ideyalar çərçivəsində müstəqil dövlət üçün yeni nəsil tərbiyə edilir. Gənclər bu gün və sabah bu cəmiyyətdə yaşayacaq insanlardır və dövlət tərəfindən görülən işin nəticəsi olaraq əldə edən uğur, nailiyyətləri gənclərimiz düzgün istifadə etməlidir. Bizə düşünən gənc lazımdır".


BMT-nin Əhali Fondunun Azərbaycan üzrə Baş Müşaviri Fərid Babayev: BMT-nin Əhali Fondunun Azərbaycan üzrə Baş Müşaviri Fərid Babayev: “Milli Şura tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirdiyi “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyasının əsas məqsədi gənclər arasında təbliğat, təşviqat işinin aparılması vasitəsi ilə DİM-ə nail olma prosesində onların rolunun artırılmasına yönəlmişdir. Kampaniya çərçivəsində bir sıra önəmli nəticələr əldə etmişik. Lakin 2030-cu ilə qədər gənclər üçün daha yaxşı gələcək qura bilməyimiz üçün görüləcək işlər çoxdur. Həmçinin qeyd edim ki, təmsil etdiyim təşkilat gənclərə dəstək üçün görüləcək işlərdə Azərbaycan dövlətinə daima dəstək verməyə hazırdır”.

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov: “Bu kampaniya gənclər üçün böyük əhəmiyyət daşıyır. Kampaniyamız çərçivəsində bir çox fəaliyyətlər həyata keçirilib. Onları biz şərti olaraq 3 bloka bölmüşük: təşviq et, rol oyna, təbliğ et olmuşdur. Hər bir istiqamət çərçivəsində bir sıra tədbirlər, təlimlər, seminarlar və aksiyalar təşkil olunub. Fürsətdən istifadə edərək bir təklif ilə çıxış etmək istərdik. Bu təkliflər bizim təlimlərimiz çərçivəsində gənclər tərəfindən səsləndirilib. Gənclərimiz təklif etmişdir ki, dayanıqlı inkişaf üzrə gənclər konfransı mütəmadi keçirilsin, gənclər forumu formalaşsın və bu gənclər forumu daimi şura ilə birlikdə DİM-in monitorinqi, təkliflərin formalaşdırlıması, təhlillərin aparılmasında iştirak etsin. Biz gənclərdən bu təklifləri aldıqdan sonra, müvafiq layihə formasını alıb, aidiyyatı qurumlara təqdim etməyi üzərimizə götürmüşük və qısa zamanda bu prosesi yekunlaşdırmağı düşünürük”.

Məlumat üçün bildirək ki, 6 oktyabr 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdı. Bu şuranın əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.