Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Avropa İttifaqı Gender Bərabərliyi Naminə” proqramı çərçivəsində Azərbaycanda atalar uşaqların gender bərabərliyinə əsaslanan mühitdə böyüməsi üçün stereotipləri qırırlar

“Avropa İttifaqı Gender Bərabərliyi Naminə” proqramı çərçivəsində Azərbaycanda atalar uşaqların gender bərabərliyinə əsaslanan mühitdə böyüməsi üçün stereotipləri qırırlar

News

“Avropa İttifaqı Gender Bərabərliyi Naminə” proqramı çərçivəsində Azərbaycanda atalar uşaqların gender bərabərliyinə əsaslanan mühitdə böyüməsi üçün stereotipləri qırırlar

calendar_today 26 May 2022

Papa Schools project closing ceremony.
Atalar Məktəbləri layihəsinin bağlanış mərasimi. Foto: UNFPA Azerbaijan

Bakı, Azərbaycan – Ailə daxilindəki münasibətlər dinamikasına təsir edən gender bərabərsizliklərini formalaşdıran amillərə dair birgə mülahizə yürütmək və müzakirə aparmaq məqsədilə atalar üçün etibarlı məkanın yaradılması Azərbaycanda həyata keçirilmiş “Atalar Məktəbi” layihəsinin ən mühüm nailiyyəti olmuşdur. “Əvvəlcə düşünürdüm ki, layihəyə məndən başqa qoşulan ata olmayacaq və layihə sadəcə baş tutmayacaq, çünki cəmiyyətimizdə dominant olan ənənəvi kişilik anlayışlarını nəzərə alsaq, Azərbaycan kişilərinin bu layihənin mövzusuna soyuq yanaşacağı qənaətində idim”, Bakı sakini, iki yaşlı oğul atası Orxan Nadirov deyir.

Orxan və onun həyat yoldaşı ilk övladlarının gəlişini səbirsizliklə gözləyirdilər. Lakin hamiləliyin ilk üç aylıq müddətinin sonunda ailə uşağın irsi qan xəstəliyi olan talassemiya ilə doğulacağına dair dəhşətli bir xəbər aldı. Həkimlər hamiləliyin dayandırılmasını məsləhət görürdülər. “Ağır dilemma qarşısındaydıq, buna baxmayaraq həyat yoldaşım və mən övladımızı dünyaya gətirəcəyimizə dair birlikdə qərar verdik”, Orxan söyləyir. Şübhəsiz ki, gənc ailə etdiyi seçimin nəticələrinə dair kifayət qədər məlumatlı idi. “Biz elmi ədəbiyyatı araşdırmağa və oxşar xəstəlikləri olan uşaqlara sahib ailələrdə sağlam münasibətləri saxlamaq yönündə istiqamət verə biləcək məlumat mənbələri axtarmağa başladıq. Təsadüfən həyat yoldaşımın qarşısına atalar məktəblərinə dair elan çıxdı və mən bu təşəbbüsə qoşulmaq qərarına gəldim. Doğrudur, bu qərarımdan gözləntilərim o qədər də yüksək deyildi, çünki digər ataların onsuz da tədris prosesini vaxtından əvvəl dayandıracağı ilə bağlı şübhələrim var idi. Lakin bütün şübhələrimə baxmayaraq, cəhd etməyi daha üstün tutdum. Sanki bununla məsuliyyətli atalıq anlayışını dərindən araşdırmaq məqsədimə daha da yaxınlaşa bilərdim”, deyə Orxan əlavə edir.

“Atalar Məktəbi” layihəsinə qoşulduqdan bir neçə ay sonra Orxan gözlədiklərindən daha çoxunu əldə edə bildiyini deyir: “Bu metodologiyanı bənzərsiz edən odur ki, başlıca diqqətin uşaqlara qayğı və qulluq işlərinə ataların cəlb edilməsi üzərində olmasına baxmayaraq, bizimlə paylaşılan məlumatların əslində hər iki valideynə aidiyyəti var. Odur ki, atalar məktəbində baş tutan hər sessiyanın xülasəsini evə qayıtdıqda həyat yoldaşımla bölüşürdüm, onun müvafiq mövzulara dair verdiyi rəy və həmin mövzuların bir çoxu üzərində birlikdə apardığımız mülahizələr vasitəsilə sözügedən məsələlərin dərinliklərinə varmaq imkanı qazanırdım”.

Orxan “Atalar Məktəbi” layihəsindən bəhrələnən yeganə şəxs deyil. Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Təşkilatının birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi Naminə” (EU4GE) proqramının bir komponenti olan bu layihə Azərbaycanın üç bölgəsindən (Bakı, Gəncə və Qazax) ataları bir araya gətirməyə müvəffəq olub. Ümumilikdə 126 ata və ata olmağa hazırlaşan şəxs layihəyə qoşulub və atalar məktəblərində təşkil edilmiş sessiyalarda fəal iştirak ediblər.

Orxanın “Atalar Məktəbi” layihəsinin ən çox bəyəndiyi xüsusiyyətlərindən biri də onun kimi düşünən ataların layihə bitdikdən sonra da məsuliyyətli atalıq anlayışının təbliğində fəal iştirak edə bilməsi imkanını əldə etmələridir. Ata olmağa hazırlaşan 28 yaşlı Sahil Əliyev Orxanın “Atalar Məktəbi” layihəsində tanış olduğu iştirakçılardan biridir. Atalar məktəbində iştirakdan əvvəl ənənəvi gender stereotiplərini dəstəkləyən Sahil layihəyə qoşulduqdan sonra gender bərabərliyinə əsaslanan münasibətlərə dair müxtəlif anlayışlarla yaxından tanış olmağa müvəffəq olub.  

Sahil hesab edir ki, patriarxal qaydaların hakim olduğu cəmiyyətlərdə insanlar ayrı-seçkiliyin hökmranlıq etdiyi, ənənəvi sosial norma və vərdişlərin geniş vüsət aldığı mühitdə yaşamalı olurlar: “Ailədə, məktəbdə, işdə bizə kişilərin özlərini əsl kişi kimi aparmalı olduğunu öyrədirlər. Xatırlayıram, anam deyərdi ki, ailədə hər şeylə bağlı son söz, hətta haqlı olmadıqda belə, kişiyə məxsus olmalıdır”.

Səkkiz həftə davam edən “Atalar Məktəbi” kursları ərzində layihənin ekspert və fasilitatorları tərəfindən Azərbaycanda gender əsaslı ayrı-seçkilik və zorakılıq mövzularında sessiyalar keçirilib. Paralel olaraq, sessiyalar zamanı iştirakçılar ailə planlanması və reproduktiv sağlamlıq, cinsi münasibətlər, hamiləliyin süni şəkildə dayandırılması, qadın qətlləri, qadınların iştirakçılığının aşağı səviyyədə olması və qadınların səlahiyyətləndirilməsinin üstünlükləri kimi mövzularla yaxından tanış olmaq imkanı əldə edib. Sahil bu sessiyaların hər birində fəal iştirak edib və indi o, əvvəllər heç zaman müzakirə etmədiyi mövzulara daha yaxşı bələd olduğunu hesab edir.

“Tanımadığım insanlarla indiyədək heç zaman müzakirə etmədiyim mövzular – gender, ailə münasibətləri, cinsi münasibətlər barədə danışmağı öyrəndim. Açığı, indi etiraf etməliyəm ki, keçmiş partnyorumun qarşısında açılan bəzi imkanlardan yararlanmasına mane olmaqla, yaxud onun geyimi ilə bağlı bəzi məhdudiyyətlər qoymaqla zamanında ona qarşı zorakı davranmışam. Digər tərəfdən, atalar məktəbinin gender-əsaslı zorakılığa dair sessiyalarında iştirak edənədək bu cür rəftarın zorakılıq olduğunu heç dərk etməmişdim. Deməzdim ki, kurslarda iştirak etdiyim səkkiz həftə ərzində bütün bu stereotiplərdən tamamilə azad ola bilmişəm, lakin əvvəlki davranışımdan peşman olduğumu indi qətiyyətlə deyə bilərəm. Artıq əminəm ki, öyrəndiyim mövzular sayəsində indiki partnyorumla münasibətlərimi qarşılıqlı hörmət və empatiya duyğusu əsasında qurmaq üçün əlimdən gələni edəcəyəm”, deyə Sahil vurğulayır.

“Atalar Məktəbi” layihəsinin daha bir fərqli cəhəti iştirakçıların fərqli təcrübəsi və səriştələrinə geniş yer verilməsi olmuşdur. “Layihə çərçivəsində sözügedən mövzulara müxtəlif prizmalardan yanaşma çox xoşuma gəlmişdi. Geridə qoyduğumuz səkkiz həftə ərzində nəinki gender məsələləri üzrə ekspertlərlə, həmçinin həkim, pediatr və psixoloqlarla yaxından ünsiyyət qurmaq imkanımız oldu”, Gəncə sakini, iki uşaq atası, layihənin bağlanış mərasimində rəmzi olaraq “İlin atası” mükafatına layiq görülmüş 32 yaşlı Fuad Vəliyev qeyd edir. Fuad ailədə gender bərabərliyinə rəvac vermək üçün məişət öhdəliklərinin bölüşdürülməsinin tərəfdarıdır. “Fikrimcə, məişət yükünü daşımaq və uşaqlara baxmaq vəzifələrinin həyat yoldaşımla bərabər bölüşdürülməsi istiqamətində göstərdiyim səylər sayəsində özümü məsuliyyətli ata və qayğıkeş həyat yoldaşı adlandıra bilərəm”, deyə o əlavə edir.

Azərbaycanın üç bölgəsini əhatə edən “Atalar Məktəbi” layihəsi artıq başa çatıb və bu təşəbbüsün birbaşa nəticələrinin görünməsi üçün hələ müəyyən bir müddətin keçməsi lazımdır. Bununla belə, bu model ənənəvi patriarxal cəmiyyətlərdə Orxan, Sahil və digərlərinin kişilərin fəal və məsuliyyətli iştirakçılığı yolu ilə gender bərabərliyinə əsaslanan mühitə xas olan davranış və münasibətlərə rəvac verməklə və inklyuziv və sağlam ailə münasibətlərinə zəmin yaratmaqla qeyri-bərabər sosial normaları dəyişdirmək naminə bir araya gəlmələrinə şərait yaradan gələcəyə yönəlmiş strategiyanın bariz nümunəsini əks etdirir.

-------------------------------

Bu hekayə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində işıq üzü görür. 

Hekayə Avropa İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gəlib. 

Buradakı məzmuna görə bütün məsuliyyət yalnız BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fonduna aiddir və məzmun Avropa İttifaqının mövqeyini əks etdirməyə bilər.

Aidiyyatı Məzmun

No content available.