Keyfiyyətli cinsi və reproduktiv sağlamlıq reproduktiv sistemlə əlaqəli bütün məsələlərlə bağlı fiziki, zehni və sosial rifahın tam təmin edildiyini nəzərdə tutan bir anlayışdır. Cinsi və reproduktiv sağlamlıq hüquqlarının yerində olması insanların müstəqil şəkildə öz cinsi həyatı və sağlamlığı, eləcə də nəsilartırma ilə bağlı qərarlar verə bilmə imkanı və azadlığına sahib olduqlarını göstərir.
Hər bir fərdin cinsi və reproduktiv sağlamlığı ilə bağlı öz seçimlərini etmək hüququ vardır və bu fundamental insan haqlarına daxil olan bir hüquqdur. BMT-nin Əhali Fondu Azərbaycan da daxil olmaqla bütün dünyada öz tərəfdaşları ilə birgə ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıqla bağlı imkan və seçimlərin, eləcə də xidmətlərin hər kəsə əlçatan olması uğrunda fəaliyyət göstərir.
BMT-nin Əhali Fondu ailə planlaşdırılmasının müasir üsulları, abortdan sonrakı kontrasepsiya, təhlükəsiz analıq, uşaqlıq boynu xərçənginin profilaktikası və s. mövzularda nəzəri və praktiki təlimlərin həyata keçirilməsi ilə səhiyyə xidməti təchizatçılarının potensialının artırılması istiqamətində Azərbaycan hökumətinin səylərinə dəstək verir. Fond Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanunun, eləcə də reproduktiv sağlamlıq və ailə planlaşdırılması strategiyasının və uşaqlıq boynu xərçənginin qarşısının alınmasına dair milli fəaliyyət planının təsdiqlənməsi sahəsində fəal təbliğat işləri aparır.
Humanitar fəaliyyəti çərçivəsində BMT-nin Əhali Fondu MİXP (Minimum İlkin Xidmətlər Paketi) komponentinin fövqəladə hallar üzrə milli fəaliyyət planına inteqrasiyası prosesində və humanitar çağırışlarla üz-üzə olan bölgələrdə çalışan səhiyyə işçilərinin potensialının təlimlər və simulyasiya vasitəsilə inkişaf etdirilməsində aparıcı rol oynayır.