Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Fəal yaşlanmaya dəstək layihəsi çərçivəsində ahıllar üçün rəqs terapiyası sessiyası keçirilib

Fəal yaşlanmaya dəstək layihəsi çərçivəsində ahıllar üçün rəqs terapiyası sessiyası keçirilib

News

Fəal yaşlanmaya dəstək layihəsi çərçivəsində ahıllar üçün rəqs terapiyası sessiyası keçirilib

calendar_today 14 January 2020

Fəal yaşlanma ideyasının təbliği məqsədilə Bakı şəhərində ahıl vətəndaşlar üçün rəqs terapiyası sessiyasının keçirilməsini nəzərdə tutan tədbir təşkil olunub.

Tədbir Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində baş tutub.

Paytaxtın tanınmış rəqs studiyalarından birində keçirilmiş tədbirin açılış hissəsində nazirliyin, BMTƏF və layihənin tərəfdaşlarından biri olan “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri çıxış edərək layihə və fəal yaşlanma konsepsiyası barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, fəal yaşlanmaya gedən yolda effektiv üsullardan biri olan rəqs terapiyası bədənin intellektual, emosional və hərəki funksiyalarını dəstəkləmək üçün hərəkət və rəqslərin psixoterapevtik istifadəsidir. Eyni zamanda, rəqs terapiyası insanın stressdən azad olması, fiziki gümrahlığının yüksəlməsi, özünəinamın artırılması, kreativlik və təxəyyülün inkişaf etdirilməsi baxımından müsbət nəticələrə səbəb olur.

Daha sonra iştirakçılar üçün peşəkar məşqçinin müşayiəti altında rəqs terapiyası üzrə praktik məşğələ keçirilib.

Bundan əvvəl Mingəçevir və Lənkəran şəhərlərində pensiyaçıların, o cümlədən ahılların iştirakı ilə fəal yaşlanma məfhumu barədə maarifləndirici görüşlər təşkil edilib.

BMTƏF və nazirlik tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.

2019-2021-ci illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.