Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib

Xəbərlər

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib

calendar_today 19 December 2023

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer
BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Florens Bauer

- BMT-nin Əhali Fondunun ümumi fəaliyyəti nədən ibarətdir? Təşkilat Azərbaycanda hansı istiqamətlər üzrə fəaliyyət göstərir?

- BMT-nin Əhali Fondu (UNFPA) Birləşmiş Millətlər Təşkilatının cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan agentliyidir. Təşkilat gender bərabərliyini təşviq etmək və qadınları, qızları və gəncləri öz həyatı və gələcəklərinə dair qərarlar verə bilmələri üçün səlahiyyətləndirmək məqsədilə 150-dən çox ölkədə fəaliyyət göstərir. Fəaliyyətimizin əsas məqsədi hər kəsin ailə planlanmasına çıxışını təmin etmək, qarşısı alına bilən ana ölümlərinə və gender əsaslı zorakılığa (GƏZ) son qoymaqdan ibarətdir. UNFPA, həmçinin demoqrafik dəyişikliyin idarə olunması və həllində ölkələrə dəstək göstərir.

BMT-nin Əhali Fondu Azərbaycanda 1994-cü ildə fəaliyyətə başlayıb və buradakı fəaliyyəti başlıca olaraq gender əsaslı zorakılıqla, eləcə də Azərbaycanda kifayət qədər yayılmış olan oğlanlara üstünlük verilməsi və gender əsaslı cinsi seçimi kimi zərərli təcrübələrlə mübarizəyə yönəlib. Agentlik, həmçinin əhalinin yaşlanması, gənclərin iştirakçılığı, reproduktiv sağlamlıq və ana ölümlərinin azaldılması kimi demoqrafik çağırışların həllində hökumətə dəstək verir. Bakı şəhərində yerləşən ölkə ofisimiz aparıcı hökumət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, elmi dairələr və KİV-lə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

- Sizin səfəriniz məhz Azərbaycanla yanaşı bütün dünyada qeyd olunan “Gender əsaslı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq” kampaniyasının davam etdiyi dövrə təsadüf edir. BMT-nin Əhali Fondu Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə istiqamətində həyata keçirilən işlərə necə töhfə verir?

- Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyası qadınlara qarşı zorakılığın müxtəlif formalarının nə qədər geniş yayıldığını özümüzə xatırlatmaq və zorakılığın bütün növlərinin kökünü kəsməklə bağlı üzərimizə düşən öhdəliklərə sadiqliyimizi bir daha vurğulamaq üçün əlverişli imkandır. Şərqi Avropa regionunda hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalır və əgər buraya psixoloji və iqtisadi zorakılıq kimi digər zorakılıq növləri də əlavə edilsə, qadınların demək olar ki, dörddə üçü bundan əziyyət çəkir. Və bu rəqəm hələ erkən nikah, oğlan uşağına üstünlüyün verilməsi və gender əsaslı cinsi seçimi kimi zərərli təcrübələri ehtiva etmir. Bu səbəbdən, gender əsaslı zorakılıqdan danışarkən mən onu səssiz epidemiya adlandırardım, çünki GƏZ dünyanın hər yerində baş verir və əfsuslar olsun ki, GƏZ-lə üzləşən və onun qurbanları olan şəxslər əsas etibarilə məhz qadınlar və qızlardır.

Gender əsaslı zorakılıq bir çox hallarda sözün əsl mənasında həyatları məhv edir – qadınların indiki və ya keçmiş partnyorları tərəfindən öldürüldüyü ilə bağlı dəhşətli xəbər və hekayələri zaman-zaman hər birimiz eşidirik. Öldürücü olmadığı hallarda belə, zorakılıq qadınların həyatı və sağlamlığına böyük təhlükələr yaradır, eyni zamanda, icmalara və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Dəlillər onu deməyə əsas verir ki, gender əsaslı zorakılıq səhiyyə ilə bağlı yüksək xərclər və iqtisadi məhsuldarlığın itirilməsi səbəbindən ölkələrin ÜDM-nə də təsirsiz ötüşmür.

Bu səbəbdən, BMT-nin Əhali Fondu qlobal miqyasda gender əsaslı zorakılığın qarşısının alınması və zorakılıqla üzləşmiş şəxslərə dəstək göstərilməsi üzrə səylərin ön sıralarında yer alır.

Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə UNFPA-nın milli tərəfdaşları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti gender əsaslı zorakılıqla mübarizədə qətiyyətli mövqeyə malikdir və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən, mənim də iştirak etdiyim “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans bu mövqenin bariz göstəricisidir.

Biz indiyədək Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə sahəsində həyata keçirilən geniş spektrli təşəbbüslərə öz dəstəyimizi vermişik. Bu sırada GƏZ-dən zərər çəkmiş şəxslər üçün yaradılmış 860 nömrəli dəstək xəttini, eləcə də GƏZ-lə bağlı mövcud keys idarəetmə sisteminin gücləndirilməsi üzrə yeni 4 illik layihəmizi vurğulamaq yerinə düşər. Sözügedən layihə GƏZ-dən zərər çəkmiş şəxslər üçün nəzərdə tutulan xidmətlərdən istifadənin genişlənməsini, GƏZ-lə bağlı ictimai məlumatlılıq səviyyəsinin artırılmasını və ölkədə qadınlara və qızlara qarşı zorakılığın azaldılması və qarşısının alınmasına töhfə verməyi nəzərdə tutur.

- Azərbaycanda gender əsaslı cins seçimi – selektiv abortlarla bağlı son rəsmi statistika cinsə görə nisbətin 4 vahid azalaraq yeni doğulmuş hər 100 qıza 112 oğlan uşağının düşdüyünü göstərir. Gender əsaslı cins seçimi ilə mübarizə, qız uşaqlarının dəyərinin artırılması istiqamətlərində Azərbaycanda hansı layihələri həyata keçirirsiniz?

- Doğru qeyd etdiniz, Azərbaycanda və regionun bəzi digər ölkələrində yenidoğulmuşların cins nisbətinin pozulması müşahidə olunur və UNFPA olaraq bununla bağlı narahatlığı bölüşürük. Əslində bu natarazlıq qadınlara və qızlara qarşı ayrı-seçkiliyin edilməsinə şərait yaradan dərin kök salmış qərəzli sosial normalardan qaynaqlanır. Gender əsaslı cins seçiminin arxasında məhz bu zərərli sosial normalar və qadınlara və qızlara qarşı ayrı-seçkilik durur. Bunun öhdəsindən gəlmək üçün məsələyə əhatəli şəkildə yanaşmağımız lazımdır – buraya qadın və qızlar üçün bərabər hüquqların təşviqinə şərait yaradan qanun və hüquqi çərçivələrin yerində olması, eləcə də əhali ilə, xüsusən kişi əhali qrupları ilə maarifləndirici işin aparılması daxildir.

Son rəsmi statistikaya əsasən, Azərbaycanda yenidoğulmuşların cins nisbətində natarazlığın azaldığını görmək ümidvericidir, eyni zamanda, bu müsbət tendensiyanın dayanıqlı olduğundan əmin olmaq üçün bir qədər daha gözləməyimiz lazımdır, lakin ümumilikdə Azərbaycan hələ də dünyada yenidoğulmuşların cins nisbətinin ən çox pozulduğu ölkələr sırasındadır. Agentliyimiz 10 ildən artıqdır ki, gender əsaslı cins seçimi və oğlan uşağına üstünlük verilməsinin aradan qaldırılması və qızların dəyərinin təşviq edilməsi üzərində Azərbaycan hökuməti ilə birgə işləyir. Bu sahədə hökumətlə əməkdaşlığımızın əsas nailiyyətlərindən biri “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın hazırlanması və qəbul edilməsi olmuşdur.

UNFPA ölkə ofisi, həmçinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramının ikinci fazasının icrasını yenicə başa vurmuşdur. Bu 3 illik proqram ölkə daxilində həyata keçirilən çoxsaylı maarifləndirmə və təşviqat fəaliyyətlərindən ibarət idi. Bu məqamda mən Azərbaycanda əldə etdiyimiz qürurverici nailiyyətlərimizdən biri olan “Atalar məktəbi” layihəsi haqda danışmaq istərdim. Məsuliyyətli atalıq konsepsiyası üzərində qurulan atalar məktəbləri ümumilikdə ölkənin 13 regionunu əhatə etmişdir. Kişilərin cəlbi və iştirakçılığı vasitəsilə ailədə, icmada və bütövlükdə cəmiyyətdə gender bərabərliyinin təşviqinə xidmət edən layihə çərçivəsində gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün məsuliyyətli valideynlik, məişət qayğılarının kişi və qadın arasında bərabər bölgüsü, ataların övlada qayğı və qulluq işlərində iştirakı kimi mövzularda davamlı təlim sessiyaları təşkil edilib.

- Gələn il 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 30 illiyidir və bu əlamətdar hadisənin beynəlxalq səviyyədə qeyd olunacağı gözlənilir. Bu illər ərzində Azərbaycanın da fəal iştirak etdiyi ICPD platforması çərçivəsində ölkənin əldə etdiyi nailiyyətləri necə qiymətləndirirsiniz?

- Azərbaycan 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda və 2019-cu ildə Nayrobidə təşkil olunmuş ICPD25 konfransında yüksək səviyyəli nümayəndə heyətləri ilə iştirak edib. ICPD konfransı iştirakçı ölkələrin əhali və inkişaf mövzularına təkcə rəqəmlərə əsaslanaraq deyil, məhz insan amilini mərkəzə qoyaraq diqqət yetirməyə başlaması ilə əlamətdar hesab olunur. İndi, bu mühüm tarixi konfransın 30-cu ildönümü astanasında geriyə boylanaraq əldə edilmiş nailiyyətlərə nəzər salmaq üçün yaxşı imkan yaranıb.

Ötən dövr ərzində Azərbaycan ICPD gündəliyinin həyata keçirilməsinə sadiqliyini nümayiş etdirib. Ölkədə gender bərabərliyi, gender əsaslı zorakılıq və gender əsaslı cins seçimi ilə mübarizəyə dair hüquqi çərçivənin yaradılması və tətbiqi, təkmil məlumatlara və dəlillərə əsaslanan siyasət və qərar qəbuletmə kimi bir sıra istiqamətlərdə irəliləyiş əldə olunub. Buna baxmayaraq, gender bərabərliyinin əsaslı şəkildə təmin edilməsi, gender əsaslı zorakılığın və digər zərərli ənənəvi təcrübələrin, o cümlədən ailə planlanması üzrə ödənilməmiş ehtiyacın aradan qaldırılması sahələrində çağırışlar hələ də qalmaqdadır. BMT-nin Əhali Fondu milli inkişaf prioritetləri kontekstində bu və digər sahələrdə irəliləyişi sürətləndirmək üçün hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və bütün digər tərəfdaşlarla birgə fəaliyyət göstərir.

Müasir dövrdə bir çox ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bəzi ölkələrdə isə əhalinin miqrasiyası nəzərə çarpır. Bu kimi hallar həmin ölkələrdə əhalinin azalmasına yol açır. Belə vəziyyətlərdə mühüm olan gender bərabərliyinə və bərabər hüquqlara diqqəti daha çox yönəltməkdir, çünki məhz bu yolla ölkələr demoqrafik çağırışların öhdəsindən gələ bilərlər. UNFPA olaraq biz hökumətlərə demoqrafik meyilərə uyğunlaşmaqda, əhali inkişafı ilə bağlı proqnozlaşdırmada və spesifik demoqrafik ehtiyaclara cavab vermək üçün siyasət, strategiya və resursların bərqərar edilməsində dəstək göstəririk.