You are here

BMT-nin Əhali Fondu tərəfindən Bakıda və Azərbaycanın müxtəlif reqionlarında həyata keçirilən “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin yekun konfransı baş tutdu. Layihə Niderland Krallığının maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda icra olunub. Konfransda Niderland Krallığının səfiri Onno Kervers, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, xarici diplomatik missiyaların nümayəndələri, vətəndaş cəmiyyəti fəalları və diqər dövlət xadimləri iştirak ediblər.

 

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. Layihənin unikallıqı onun hədəf auditoriyasının gənc kişilərin və gələcək ataların olması idi.

 

Maarifləndirmə xarakterli layihə 2017-2018-ci illəri əhatə edirdi. Bu zaman çərçivəsində layihə əməkdaşları reqionlarda təlimlər, dini icmalarla məlumat sessiyaları, gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üçün media üçün seminar və ictimai vəkillik işləri təşkil ediblər.

 

Layihə zamanı 25 şəhər ve rayon olmaqla Azərbaycanın 4 reqionunda təlimlərdə 1000-ə yaxın gənc kişi iştirak etmişdi. Təlim zamanı iştirak edən gənc kişilərə “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi məsələlərə toxunularaq müzakirələr aparılmışdır. 

 

Bundan əlavə, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölqələrində 40-a yaxın məsciddə selektiv abortların fəsadları və bu halların dində öz əksini necə tapması barəsində məlumat sessiyaları keçirilmişdir.

Ötən ilin iyul ayında layihə çərçivəsində yerli jurnalistlər üçün də gender əsaslı cins seçimi mövzusunun qərəzsiz işıqlandırılması üçün praktiki seminar keçirilmişdir. Seminar nəticəsində gender əsaslı cins seçim mövzusunda məqalə (eləcə də video sujet) müsabiqəsi elan olunmuş qaliblər müəyyənləşmişdi.

 

Layihə zamanı geniş kütlə üçün də ictimai vəkillik tədbirləri keçirilmişdir. Bunlardan biri Bakı və Gəncə şəhərlərində təşkil edilmiş “Atalar və qızlar” adlı əyləncə festivalı idi. Festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılması idi.

 

Layihə Beynəlxalq Qadınlar gününü də özünə məxsus tərzdə təqdim etdi. Belə ki, tanınmış kişi idmançıları özündə əks etdirən “Yaxşı ki varsan” adlı sosial video çarx ictimaiyyətə təqdim edildi. Rafael Ağayev, İlham Zəkiyev, Rövşən Bayramov və diqər məhşur idmançılar video çarxda qız ataların təcəssüm edərək qızlara şer şəklində öz nəsihətlərin çatdırıblar.

 

Məlumat üçün qeyd edək ki, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirilir.