You are here

Oğlan uşaqlarına verilən üstünlük Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrinin endemik tərkib hissəsini təşkil edir ki, bu da sosial və iqtisadi cəhətdən oğlan uşaqlarına qızlardan daha çox dəyər verilməsini şərtləndirən sosial müstəvidə bərqərar olmuş amillərdən qaynaqlanır. Miras və torpaq hüquqları üzərində vərəsəlik əsasən nəsildəki kişi xətti boyunca keçir; bundan əlavə, işçi qüvvəsinin strukturunda daha çox kişilərin yer alması onları ailə gəlirlərinin təmin edilməsində daha həlledici mövqeyə çıxarır. Həmçinin yaşlı valideynlər effektiv sosial təminat mexanizmləri olmadığı təqdirdə əksər hallarda məhz oğullarının dəstəyindən asılı durumda olur. Bütün bunlarla yanaşı, cəmiyyətin yazılmamış qanunları yalnız oğulların ailə soyadını davam etdirmələrini və bəzi dini və mədəni ayinləri həyata keçirmələrini diktə edir.

1990-cı ilin əvvəllərinə qədər Azərbaycanda doğuş zamanı cins nisbəti hər 100 qıza 102-106 oğlan arasında tərəddüd etməklə əsasən bioloji norma daxilində idi. Lakin 1990-cı ildə bu göstərici hər 100 qıza 107 oğlan rəqəminədək yüksəldi, 2003-cü ildə isə ən yüksək səviyyəyə qalxaraq hər yeni doğulmuş 100 qıza 118 oğlan təşkil etdi. Qeyd etmək lazımdır ki, son bir neçə il ərzində bu göstərici 114-ə düşmüşdür.

2011-ci ildə Avropa Şurası Parlament Assambleyasının 1829 saylı qətnaməsində Azərbaycanın cinsə görə abort halları səbəbilə doğuş zamanı cins seçiminin həyəcanverici dərəcədə yüksək həddə olduğu bir neçə Avropa ölkəsi sırasında olduğu vurğulanmışdır. O vaxtdan etibarən BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisi düzgün siyasət və qərarvermə üçün dəlillər bazasının yaradılması, aidiyyatı siyasət çərçivəsinin təkmilləşdirilməsi, qız uşaqlarının dəyəri mövzusunda məlumatlılığın artırılması və qavrayışların dəyişdirilməsi də daxil olmaqla bir-biri ilə əlaqəli silsilə fəaliyyətlər yolu ilə oğlan uşaqlarına verilən üstünlüyün və gender-əsaslı cins seçiminin qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin səylərinə davamlı olaraq dəstək verir. 

Mövcud dəlillər bazası və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məlumatlandırma və maarifləndirmə səyləri artıq ölkədə müvafiq siyasət çərçivəsinin təsdiqlənməsinə töhfəsini vermişdir. Dəlillərə əsaslanan məlumatlar bazasının və aidiyyatı siyasət çərçivəsinin inkişafı ilə yanaşı, BMT-nin Əhali Fondunun ölkə ofisi öz fəaliyyətində Azərbaycanda gender-əsaslı cins seçiçinin qarşısının alınması və aradan qaldırılması prosesində kişilərin müttəfiq və tərəfdaş kimi cəlb edilməsinə fokuslanan məlumatlandırma, maarifləndirmə və ictimai vəkillik fəaliyyətlərinə xüsusi yer ayırır.