You are here

Azərbaycan demoqrafik inkişaf baxımından Cənubi Qafqazda ən dinamik ölkədir. 2018-ci ildə Azərbaycan əhalisinin sayı 10 mln.-a çatmışdır. Azərbaycanda əhali artımı hər zaman demək olar ki yalnız doğuş sayının ölüm sayını üstələməsi ilə təmin edilmiş və təmin edilməkdədir; xarici miqrasiyanın ölkə əhalisinin sayına təsiri əhəmiyyətsizdir. Əhalinin 52,8% -i şəhərlərdə məskunlaşmışdır. Ölkədə gözlənilən orta ömür uzunluğu kişilər üçün 74 yaş, qadınlar üçün isə 78,7 yaş təşkil edir (2019). Azərbaycan nisbətən gənc əhali strukturuna malik olsa da, əhalinin qocalması fenomeni get-gedə özünü büruzə verməkdədir. Ümumi nəsilvermə (fertillik) əmsalı son bir neçə ildə davamlı olaraq azalmış və 2019-cu ildə 1.8-ə çatmışdır. Ölkədə doğuş zamanı cins seçimi problemi yüksək səviyyədə qalmaqdadır (2019-cu ildə hər yeni doğulmuş 100 qıza 114 oğlan), bu da əhali strukturunda kişilərin sayının artmasına şərait yaradır. 

“Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nda (1999) əks olunan uzunmüddətli milli əhali siyasətinin əsas məqsədi uzunmüddətli milli inkişaf strategiyasına uyğun olaraq mənfi demoqrafik meyllərini cilovlayaraq əhalinin kəmiyyət və keyfiyyət artımının təmin edilməsinə nail olmaqdan ibarət olmuşdur. Sonuncusu 2019-cu ildə BMT-nin Əhali Fondunun da dəstəyi ilə həyata keçirilmiş əhalinin siyahıyaalınması, ev təsərrüfatları üzrə sorğular, vətəndaşlıq vəziyyəti və əhalinin yerdəyişməsi ilə bağlı qeydiyyat sistemləri sayəsində etibarlı sosial-iqtisadi və demoqrafik məlumatların ərsəyə gətirilməsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmuşdur. Buna baxmayaraq, dezaqreqasiya edilmiş keyfiyyətli əhali məlumatlarının yaradılması, təhlili və istifadəsi üçün yetkin olmayan institusional mühit demoqrafik məlumat sistemlərindən səmərəli istifadəni əngəlləyir. Milli və submilli məlumatların, habelə əhali proqnozlaşdırılmasının mövcudluğu və istifadəsində davamlı çatışmamazlıq planlaşdırma, resurs bölgüsü və xidmət təminatına öz təsirini göstərmiş olur.

BMT-nin Əhali Fondu əhali dinamikasını izləmək və davamlı inkişafa dəstək vermək üçün düzgün siyasət və qərarvermə üçün zəruri olan dəlil və məlumatların ərsəyə gətirilməsi, təhlili və istifadəsi üçün milli institusional imkanların gücləndirilməsi məqsədilə tərəfdaşları və ekspertlər icması ilə sıx əməkdaşlıq edir. Tətbiq edilən strateji müdaxilələr əsas etibarilə dezaqreqasiya edilmiş keyfiyyətli əhali məlumatlarının hazırlanması və istifadəsinə, əhali dinamikası, cinsi və reproduktiv sağlamlıq və gender bərabərliyinin qiymətləndirilməsi və dərindən təhlili yolu ilə bilik bazasının yaradılmasına və demoqrafik dəyişikliklərlə sosial-iqtisadi inkişaf prosesləri arasındakı əlaqəni təhlil etməkdən ötrü demoqrafik təhlil və araşdırmaların prioritetləşdirilməsinin təşviqinə fokuslanmışdır. BMT-nin Əhali Fondu həmçinin əhali meylləri ilə davamlı inkişaf arasındakı qarşılıqlı əlaqənin daha yaxşı qavranılması üçün siyasət dialoqunun davam etdirilməsini də dəstəkləyir.