Press-relizlər

Koronavirus böhranına gender prizmasından baxış: BMT-nin Əhali Fondu pandemiya ilə mübarizədə qadınların rolunu yüksək qiymətləndirir

1 Aprel 2020

COVID-19 infeksiyasının yayılması qlobal pandemiyaların fəsadlarının gender prizmasından təsirinin araşdırılmasını zəruri edir. Gender təhlilinin mövcudluğu pandemiyalara hazırlığın və cavab tədbirlərinin effektivliyinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişatı kişilərin və qadınların qlobal miqyasda cərəyan edən infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda qadınların daha həssas şərtlər altında olduğunu üzə çıxarmış oldu:

•    Pandemiyalar zamanı qadınların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olma, qadının öz ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.), bu da qadınların sosial təcrid şəraitində onsuz da məhdud olan iqtisadi və maliyyə resurslarına çıxışını  daha da məhdudlaşdırır;

•    Pandemiyalar da daxil olmaqla istənilən böhran vəziyyətində gender-əsaslı zorakılıq halları çoxalır və bundan bir qayda olaraq qadınlar əziyyət çəkir. Sosial təcrid şəraitində yaşayan qadınlar zorakı partnyorun daha uzunmüddətli zorakılığına məruz qala bilir;

•    Bütün digər böhran vəziyyətlərində olduğu kimi, pandemiyalar zamanı da cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin olunması yüksək diqqət tələb edən mühüm çağırışlardan birinə çevrilir ki, bundan da ən çox qadınlar və qızlar əziyyət çəkir. Pandemiya ilə mübarizə çərçivəsində təchizat zəncirində meydana çıxan pozulmalar böhranın ağır nəticələrinə məruz qalan bölgələrdə yaşayan qadınların sağlamlığı üçün zəruri olan ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıq vasitələrinin çatdırılmasında fasilələrə səbəb ola bilir.

•    Hətta pandemiya kimi böhranların olmadığı adi zamanlarda belə qayğı göstərilməsini tələb edən işlərdə əsas etibarilə qadınlar çalışır. BMT-nin Əhali Fondunun məlumatına görə, hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni qadınlar təşkil edir, bu da əsasən cəmiyyətlərdə bərqərar olmuş sosial normalardan və qadınlara yüklənmiş gender rollarından irəli gələn amildir;

•    Əksər digər hallarda olduğu kimi, qadınların COVID-19 kimi pandemiyalara qarşı mübarizə tədbirlərinin təşkilinə dair qlobal səviyyədə qərarvermədə iştirakı və bu prosesə cəlb olunması kişilərə nisbətən olduqca aşağı səviyyədədir.

Qlobal qərarvermə prosesində böhran vəziyyətlərində hər bir şəxs üçün yardımın bərabər şəkildə təmin edilməsi məqsədilə həm kişilərin, həm də qadınların üzləşdikləri bütün ssenari və təcrübələr nəzərə alınmalıdır. Hazırkı COVID-19 pandemiyası şəraitində kişi və qadınların virusa necə yoluxmasını, eləcə də xəstəliyin iqtisadi fəsadlarını, sosial qayğı və səhiyyə xidmətlərinin bölgüsünü və gender-əsaslı zorakılığın miqyasını tam anlamaq üçün genderə görə təsnifləndirilmiş statistik məlumatların mövcudluğu böyük əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, COVİD-19 pandemiyası ilə ön cəbhədə mübarizə aparan qadınların ağır və misilsiz əməyinə verilən qiymətin daha bir təzahürü olardı. 

Bununla yanaşı, COVID-19 böhranı şəraitində gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması da zəruri məsələlərdəndir. Beləliklə, gender-əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək mümkün olacaq.