News

Goranboyda fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması mövzusunda təlim keçirildi

20 Sentyabr 2018

Təbii fəlakətlərə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunması ictimai səhiyyəni narahat edən aktual məsələlərdən biridir. Fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirmək məqsədi ilə 2012-ci ildən etibarən,  BMT-nin Əhali Fondunun maliyyələşdirdiyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçısı olduğu “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi uğurla həyata keçirilməkdədir.

 

Fövqəladə hallarda zərər çəkmiş əhali arasında xəstələnmə, əlillik, ölüm hallarının azaldılması istiqamətində həyata keçirilən layihənin 5 əsas məqsədi sırasında cinsi zorakılığın qarşısının alınması və zərər çəkənlərə yardımın göstərilməsi, İİV-in ötürülməsinin azaldılması, ana və yeni doğulmuş uşaqlar arasında həddən artıq xəstələnmə və ölüm hallarının qarşısının alınması kimi məsələlər yer alır.

Səhiyyə Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində regionlarda tibb işçilərinin fövqəladə hallar zamanı fəaliyyətinin daha da stimullaşdırılması üçün praktik məşğələlər təşkil olunub. İndiyədək həyata keçirilən bu təlimlərdə   Sabirabad, Saatlı, İmişli, Füzuli, Ağcabədi, Beyləqan, Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Ağsu, Oğuz, Qax, Zaqatala, Balakən, Gəncə, Göygöl, Daşkəsən, Samux, Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarından olan baş həkimlər, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, habelə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak ediblər.  

 

19-20 sentyabr 2018-ci ildə analoji təlimlər Goranboy Mərkəzi Xəstəxanasında keçirilib.  Təlimlər İSİM-in mütəxəssisi Səbinə Babazadə, eləcə də Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun mütəxəssisləri Leyla Məmmədova və Gülnarə Rzayeva tərəfindən aparıldı. Goranboy, Tərtər, Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işi üzrə müavinləri, mama-ginekoloqlar, o cümlədən təcili və təxirəsalınmaz tibbi stansiyalarının baş həkimləri təlimlərdə iştirak etdilər.

 

Təlimin ilk günündə tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə   simulyasiya keçirildi və “zərərçəkmiş” hamilə qadınlara ilkin yardım olundu. Təlimin ikinci günündə isə, göstərilən tibbi yardımlar müzakirə olundu və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verildi.

 

Qeyd edək ki, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai də təlimlərdə iştirak etdi.