Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihə sənədinin təqdimatı olub

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması  üzrə Milli Fəaliyyət Planı layihə sənədinin təqdimatı olub

Xəbərlər

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihə sənədinin təqdimatı olub

calendar_today 19 October 2018

BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihə sənədinin təqdimatı olub. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq  Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət  BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirildiyini qeyd edib: “Ötən dövrdə ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı həyata keçirilib və növbəti uzunmüddətli dövr üzrə yeni Dövlət Proqramı layihəsi də hazırlanıb”.

O qeyd edib ki, bununla belə, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur. Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə nəzərəçarpan dərəcədədir. Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb.

S.Babayev diqqətə çatdırıb ki, BMT Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və  Fondun dəstəyi ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb. Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı,  gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və  tövsiyələr əksini tapır.

Nazir yeni layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini yüksək dəyərləndirib.

BMT-nin Əhali Fondunun  baş müşaviri Fərid Babayev öz çıxışında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini deyib. O vurğulayıb ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Tədbirdə Avropa İttifaqı Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, ,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, çıxış edərək, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət  Planının hazırlanmasının ümumən demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” Qlobal Proqramın çərçivəsində ölkəmizə dəvət olunan beynəlxalq ekspert  Monika Das Qupta tərəfindən “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihə sənədi təqdim olunub. Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb, təkliflər verilib.