Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Beynəlxalq Qız Uşaqları Günü münasibətilə müraciəti

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Beynəlxalq Qız Uşaqları Günü münasibətilə müraciəti

Statement

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Beynəlxalq Qız Uşaqları Günü münasibətilə müraciəti

calendar_today 11 October 2019

Bu gün bütün dünyada qızlar gender stereotiplərini qırır və cəmiyyətin nəsillər boyunca onlar üçün biçdiyi ənənəvi rollardan özlərini azad edirlər. Gündən-günə daha çox qız erkən nikahlara qarşı çıxır və bu xoşagəlməz təcrübənin sonlandırılması üçün əlindən gələni edir. Qızlar təhsil almaq və şiddət və zorakılıqdan azad bir həyat yaşamaq hüquqları uğrunda mübarizə aparırlar. Eyni zamanda, onlar hamını iqlimin müdafiəsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və daha ədalətli, bərabərhüquqlu və dayanıqlı cəmiyyətlərin bərqərar olunması üçün əzmlə çalışırlar.

Gəlin builki Beynəlxalq Qız Uşaqları Günündə onlarla birlikdə olaq, yetkinliyə sağlam və təhlükəsiz keçid etmələri üçün onlara bacardığımız dəstəyi göstərək, onların səsinə qulaq verək və hüquq və seçimlərinə hörmətlə yanaşaq.

Özləri və qurduğu münasibətlər haqda yaşlarına uyğun bilik və məlumatlara malik olduğu zaman qızlar erkən hamiləliyə və İİV kimi cinsi yolla ötürülən infeksiyalara qarşı daha yaxşı qoruna bilirlər. Eyni zamanda, bununla onlar öz təhsilini başa vurmaq, layiqli iş yerləri tapmaq və beləliklə öz potensiallarını tam şəkildə reallaşdırmaq imkanına malik olurlar. Bu isə, öz növbəsində, qızların həyatlarını yaxşıya doğru dəyişməklə yanaşı, cəmiyyətlərin də tərəqqisinə mühüm töhfə vermiş olur. Həyatlarının bütün sahələrində qızların səlahiyyətləndirilməsi ölkələr üçün də rifahın və iqtisadi inkişafdan doğan demoqrafik dividendlərin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.   

Bütün bunlar BMT-nin Əhali Fondunun Keniya və Danimarka hökumətləri ilə birgə təşkil etdiyi və noyabr ayında baş tutacaq ICPD25 üzrə Nayrobi Sammitinin gündəliyinə duran başlıca mövzulardır. Bu sammitdə hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, icma rəhbərləri və beynəlxalq təşkilatlar hələ 1994-cü ildə Qahirə şəhərində keçirilmiş Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) 179 ölkə tərəfindən qəbul edilmiş qlobal hədəflərə nail olunması üçün konkret öhdəliklər müəyyən edəcək. Bu hədəflər qızların təhsil və sağlamlıq hüquqlarının təmin edilməsi, erkən nikahlara, qadın sünnətinə və digər zərərli təcrübələrə son qoyulması və yeniyetmə və gənclərin məlumatlara çıxışının və reproduktiv sağlamlıq üzrə ehtiyaclarının təmin edilməsi kimi məsələləri əhatə edir.

BMT-nin Əhali Fondu qızların öz bədənləri üzərində nəzarəti öz əllərinə götürməyə və öz müqəddəratını və həyat yolunu təyin etməyə güclərinin olduğuna inanır. Yeniyetmə və gənclər üçün qlobal strategiyamız olan My Body, My Life, My World da məhz Nayrobiyə doğru gedən yolda hər birimizi bu ideallar ətrafında birləşdirməyə xidmət edir.

Gələn il, eyni zamanda, bütün dünya qızların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əlamətdar hadisələrdən daha birini, Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının qəbul edilməsinin 25-ci ildönümünü də qeyd edəcək.

Bütün bunlarla yanaşı, Qahirə və Pekində dünya hökumətlərinin qızlara verdiyi vədlərdən çoxu hələ də icrasını gözləyir. Öhdəliklərimizə riayət edərək biz qızlara xəyal etdikləri həyatı yaşamağa və tərəqqi üçün qarşısıalınmaz gücə çevrilməyə imkan yaradan şəraiti təmin edəcəyik.