News

BMT-nin Əhali Fondu media nümayəndələri üçün təlim keçirib

22 May 2019

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda 2 günlük praktik seminara start verib.

 

Tədbir Avropa İttifaqıının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə” Qlobal Proqram çərçivəsində təşkil olunub.  Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Layihənin yerli tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasıdır.

 

Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.

 

Seminarın açılışında BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova doğulanların cins nisbətinin pozulması ilə Azərbaycanda və dünyada mövcud vəziyyət mövzusunda məruzə edib.

 

Öz çıxışında Mətbuat Şurasının Ümud Mirzəyev “ Problem Azərbaycanda mövcuddur. Ölkəmizdə elə adət ənənələr var ki, onları abartmırıq. Tarix boyu Azərbaycanda lider qadınlar var idi. Qadınların hər bir peşədə uğur qazanmaları vacibdir. Bəzən saytlarda, qəzetlərdə utanc verici xəbərlər görürük. Ən çox bundan qadınlar əziyyət çəkir. Misal üçün, əgər qəza törənirsə, xəbər başlığında “qadın sürücü” yazılır. Bu yolverilməzdir.

 

Daha sonra, seminarın əsas təlimçisi Türkiyədən dəvət olunmuş media mütəxəsisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən ərsəyə gələn müəllifi olduğu “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlərə əyani vəsait rolunu oynayacaq.

 

Seminar zamanı Ayşe Karabatın təqdimatında qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, jurnalistlərin fəaliyyəti, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış siyasət və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.