You are here

Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu (BMTƏF) arasında bu qurumun Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı imzalanıb. BMTƏF-in dördüncü Ölkə Proqramı hökumət, vətəndaş cəmiyyəti, BMT təşkilatları və digər əsas iştirakçılarla sıx əməkdaşlıq şəraitində hazırlanıb. Proqramının məqsədi qarşıdakı illərdə birgə strateji müdaxilələrin hazırlanmasını və həyata keçirilməsinin səmərəliliyini təmin etməkdən ibarətdir. Fəaliyyət hüquqi və siyasi mexanizmlərin gücləndirilməsi, gender bərabərliyi və reproduktiv hüquqların beynəlxalq mexanizmlərə uyğunluğuna dair monitorinqin aparılması üçün milli bacarıqların inkişafı istiqamətində tədbirlər daxildir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində söyləyən BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib:

-İnsan amili və hüquqlara əsaslanan yanaşma Fondumuzun proqram çərçivəsində Azərbaycanda görəcəyi işlərdə mühüm hədəf olacaq. Bərabər, gender cəhətdən həssas və müştəriyə yönələn cinsi və reproduktiv səhiyyə xidmətlərini göstərmək üçün hüquqi və siyasi mexanizmlərin təkmilləşdirilməsi də əsas məqsəddir. Keyfiyyətli cinsi və reproduktiv səhiyyə xidmətlərinin göstərilməsi üçün ana sağlamlığının qorunması xidmətlərini göstərən tərəflər üçün təlimatların, protokol və standartların hazırlanmasına dəstəyimizi davam etdirəcəyik. Milli Reproduktiv Sağlamlıq Strateji sənədinin 2016-2020-cı illər üçün yeni layihəsində nəzərdə tutulduğu kimi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində BMTƏF uşaqlıq boynu xərçənginin qarşısının alınması, skrininq müayinəsi və müalicəsi üçün yeni milli sistemin layihələndirilməsinə yardım göstərəcək. BMTƏF gender baxımından həssas və insan hüquqlarına əsaslanan yanaşmanın milli proqramlara daxil edilməsi üçün səhiyyə sistemində potensialın artırılması üzərində işləyəcək. Bundan başqa, qadınlara qarşı bütün növ ayrı-seçkilik formalarının ləğv edilməsi üzrə Konvensiya (CEDAW) və Universal Dövri İcmal (UDİ) çərçivəsində gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq sahəsindəki öhdəliklərə uyğunluğun yoxlanması üzrə sistemlərin təsis edilməsinin və səmərəli istifadəsinin təşviqi məqsədilə təbliğat, siyasi dialoq, məsləhət və potensial quruculuğu məsələlərinə əsas diqqət yetirəcək. BMTƏF Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, İnsan Hüquqları Müvəkkili (Ombudsman), Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi və digər müvafiq sahə nazirlikləri, eləcə də yerli icmalar, inkişaf sahəsində digər beynəlxalq agentliklər və vətəndaş cəmiyyəti ilə tərəfdaşlıqlardan yararlanacaq çoxtərəfli yanaşmadan istifadə edəcək. Gender əsaslı zorakılıq üzrə faktlara əsaslanan siyasətlərin və institusional mexanizmlərin hazırlanmasını və onların həyata keçirilməsi üzərində səmərəli monitorinqin aparılmasını dəstəkləmək üçün Dördüncü Ölkə Proqramında gender əsaslı zorakılıq üzrə milli məlumat bazasının qurulması üçün institusional potensialın təkmilləşdirilməsi məqsədilə milli tərəfdaşlara dəstək nəzərdə tutulur. Nümunə olaraq ABŞ-ın Beynəlxalq İnkişaf Fondunun (USAID) maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həyata keçirdiyimiz “Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə” layihəsini göstərə bilərəm. Həmin layihənin bilavasitə məqsədi gender əsaslı zorakılığın qarşısının alınması üçün müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan hökumətinə dəstək verməkdir.

Dəlillərə əsaslanan siyasətləri və qərar verməni təşviq etmək üçün BMT-nin Əhali Fondu mühüm demoqrafik və əhali məlumatlarının alınması, emalı, təhlil və yayılması üzrə milli institusional potensialın daha da gücləndirilməsi vasitəsilə dövlət qurumları ilə tərəfdaşlığını və əməkdaşlığını genişləndirəcək. Həmin strateji müdaxilələr çərçivəsində BMTƏF Dövlət Statistika Komitəsi və digər müvafiq dövlət qurumları, habelə elmi dairələrlə tərəfdaşlıq edəcək. Əhali üzrə etibarlı, beynəlxalq səviyyədə müqayisə olunan və təfsilatlı məlumatları daha da təkmilləşdirmək üçün BMTƏF təfsilatlı məlumata (xüsusilə cins və yaş üzrə) daha çox diqqət yetirməklə, əhali və demoqrafiya üzrə əsas indikatorların yenidən baxılması və genişləndirilməsini asanlaşdırmaq yolu ilə əhali üzrə məlumat bazasının gücləndirilməsində hökuməti dəstəkləməkdə davam edəcək. Bu məlumat Dayanıqlı İnkişaf Məqsədlərə nail olmaq yolunda tərəqqini izləmək üçün milli monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsində əhəmiyyətli yer tutacaq. Əsas diqqət daha təkmil siyasi planlaşdırma və proqram inkişafı üzrə təməlin yaradılması üçün əhali sorğuları və proqnozların hasilatına yönəldiləcək.

-Azərbaycanda demoqrafik proseslərin inkişafını, əhalinin sabit artım tempini, bu sahədə siyasətin təkmilləşdirilməsi üçün aparılan işləri necə qiymətləndirə bilərsiz?

-Ölkəmiz müstəqillik qazanandan sonra qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiyaya daxil olmaqla insan hüquqları sahəsində bir çox beynəlxalq sazişlərə qoşulub. Bundan başqa, dövlət qanunvericiliyində bərabərlik hüququna zəmanət verilib. Hökumət Minilliyin İnkişaf Hədəfləri və Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans kimi müxtəlif beynəlxalq inkişaf platformalarının tövsiyələrini yerinə yetirmək üçün öhdəlik götürüb. Ancaq əhalinin səmərəli şəkildə cinsi və reproduktiv səhiyyə xidmətlərinə çıxışına maneə olan çağırışlar hələ də qalmaqdadır. Hər on ildən bir əhalinin siyahıya alınması, demoqrafik və tematik müayinələrin aparılması, mülki və aktual qeydiyyat sistemləri vasitəsilə etibarlı sosial-iqtisadi və demoqrafik məlumatların toplanılması sahəsində Azərbaycanın əldə etdiyi tərəqqi göz önündədir. Ancaq əhali sayının dinamikası, onun cinsi və reproduktiv sağlamlıq və hüquqlarla qarşılıqlı əlaqəsinə dair məlumatların toplanması, emalı, təhlili və istifadəsində olan boşluqların aradan qaldırılması üçün milli potensialın davamlı şəkildə artırılmasına böyük ehtiyac var. Reproduktiv sağlamlıq göstəricilərinin bəzi sahələrində, o cümlədən 2007-ci ildə hər 100 min diridoğulan arasında ana ölümü hallarının 35,5 səviyyədən 2013-cü ildə 14,5-dək azalması da daxil olmaqla nəzərəçarpan tərəqqi əldə edilib. Hər bir halda cinsi və reproduktiv sağlamlıq hüquqları üzrə səmərəli hüquqi və siyasi çərçivə sənədi yoxdur. Kənd və ucqar yerlərdən, o cümlədən humanitar müəssisələrdə olan miqrantların, qaçqın, məcburi köçkün və qadınların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı zəifdir.

Cinsi həyat üzrə hərtərəfli təhsil proqramlarının yoxluğu, yeniyetmə və gənclərin cinsi və reproduktiv səhiyyə və hüquqlarla bağlı qərarların qəbul edilməsi proseslərində iştirakının aşağı olması onların təhlükəsiz və sağlam şəkildə yetkinlik yaşına çatması perspektivlərini məhdudlaşdırır.

Yeni Ölkə Proqramı müddətində də BMT-nin Əhali Fondu demoqrafiya üzrə müvafiq milli prioritetlər əsasında ölkədə əhali ilə əlaqədar proqram və siyasətlərin planlaşdırılması, həyata keçirilməsi, inkişaf etdirilməsi və monitorinqinin aparılmasında əlaqələndirici qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın davamı kimi, BMT Əhali Fondunun dəstəyi ilə ölkədə bu sahədə 2030-cu ilədək olan dövr üçün strategiyanı müəyyənləşdirən yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Həmin Proqram qəbul olunandan sonra ekspertiza və texniki yardım göstərilməsi vasitəsilə BMTƏF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də digər maraqlı tərəflərlə əməkdaşlıq edəcək.