You are here

Azərbaycanda qadınlar həyatları boyu işsizlik, karyerada ayrı-seçkilik, məişət zorakılığı, gender-əsaslı ayrıseçkilik və s. bir sıra sosial, iqtisadi, mədəni və siyasi çağırışlarla qarşılaşa bilir. Qadınlar öz üzərində əməkhaqqının təyin edilməsində bərabərsizliyi, eləcə də iş yeri seçimində stereotip yanaşmaları hiss edə bilir, bununla yanaşı əksər hallarda iş və məişət qayğılarının “ikiqat yükünü” öz üzərinə götürməyə məcbur qalırlar. 
Qadınların hüquqlarının möhkəmləndirilməsi, eləcə də onların karyera və təhsil sahələrində yüksəlişinə mane olan amillərin aradan qaldırılması istiqamətində bir çox fəaliyyətlərin artıq həyata keçirildiyinə baxmayaraq, gender və gender bərabərliyi anlayışlarına münasibətdə sərt yanaşmalar hələ də cəmiyyətdə dominant mövqeyini qoruyub saxlayır və gender bərabərliyi məfhumunun cəmiyyətə sirayət etməsi üçün lazım olan siyasətlərin həyata keçirilməsi hələ də arzuolunan səviyyədə deyil. Bu səbəbdən, oturuşmuş patriarxal baxışlar sisteminin yerindən tərpədilməsinə nail olmaq üçün gender bərabərliyinin təmin edilməsi sahəsində səylərini ortaya qoyan bütün oyunçuların lazımi bilik, bacarıq və imkanlara malik olması, eləcə də siyasətlərin hazırlanması və icrası ilə bağlı mühüm qərarların verilməsi və yerinə yetirilməsi zamanı qadınların verə biləcəyi töhfəni və onların prioritetlərini nəzərə almaları mühüm əhəmiyyət kəsb edir. 
BMT-nin Əhali Fondu cinsi və reproduktiv sağlamlıq məsələlərinin daha geniş inteqrasiyasına fokuslanan, gender bərabərliyi və reproduktiv hüquqların təşviqinə şərait yaradan qanun və siyasətlərin effektiv tətbiqi məqsədilə milli potensialın yaradılması və gücləndirilməsi istiqamətində öz tərəfdaşları və ekspertlər icması ilə sıx əməkdaşlıq edir. Tətbiq edilən strateji müdaxilələr əsas etibarilə gender bərabərliyini təşviq etmək və qadın və qızları reproduktiv hüquqlarını həyata keçirə bilmələri üçün səlahiyyətləndirmək üçün təkmilləşdirilmiş hesabatlılıq mexanizmlərinin təbliğinə yönəlmişdir. Eyni zamanda, BMT-nin Əhali Fondu öz fəaliyyətində qadın və qızların hüquqlarını, imkanlarını və resurslara çıxışını əngəlləyən diskriminativ sosial normaların və qeyri-bərabər gender münasibətlərinin aradan qaldırılmasını hədəfləyən gender-transformativ proqramların icrasına böyük yer verir.