BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstəyi davam etdirir. Belə ki, UNFPA tərəfindən daha 1400 fərdi yardım dəstinin tədarük edilərək Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Göy-Göl, Goranboy, Gəncə və Mingəçevirdə yaşayan və həssas əhali qrupuna aid olan qadın və qızlara çatdırılması həyata keçirilib.
Sözügedən yardım dəstlərinin tərkibi qeyd olunan regionlarda fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri və bir sıra qeyri-hökumət təşkilatlarının daha öncə birgə həyata keçirdiyi ehtiyacların qiymətləndirilməsi üzrə çalışmalar nəticəsində müəyyən olunub və əsas etibarilə qadın və qızlar üçün gündəlik gigiyenik vasitələri, eləcə də COVID-19 xəstəliyinin profilaktikası üçün nəzərdə tutulan ləvazimatlardan ibarətdir.
Qeyd edək ki, UNFPA tərəfindən oxşar fəaliyyət ötən ilin noyabr-dekabr aylarında baş tutmuş qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyası çərçivəsində də həyata keçirilmişdir. Həmin dövrdə 400-dək yardım dəstinin Ağdam və Tərtərdə müvəqqəti məskunlaşmış qadınlara paylanılması icra edilmişdir.
UNFPA-nın Azərbaycandakı nümayəndəliyi sözügedən fəaliyyətlərin təşkilində verdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə minnətdarlığını bildirir.