News

İncəsənət vasitəsilə iştirakçılıq və ya Bakıdakı inklüziv məktəb əlilliyi olan şəxslərə özlərini realizə etməkdə necə yardımçı olur

8 Sentyabr 2020
Nənəxanım Əzimova

"Bu il bir çox insan üçün stressli oldu, amma pandemiya dövründə mənə məhz İncəsənət Məktəbi kömək oldu", Nənəxanım Əzimova deyir. "Və 2020-ci il nəhayət başa çatanda səbirsizliklə gözlədiyim bir şey var – incəsənət sərgisindəki ilk nümayişim!"

Nənəxanım 2019-cu ildə Bakıda açılmış yeni İncəsənət Məktəbinə qoşulanda onun üçün yeni bir dövr başladı. Onun məktəb illəri Azərbaycanda və dünyada yaşayan bir çox əlilliyi olan insandakı kimi olub – o həm cəmiyyətdən təcrid olunub, həm də damğalarla üz-üzə gəlib. Bakıda təhsil almaq istədiyi orta məktəbin onu qəbul etməkdən necə imtina etdiyini indi də aydın xatırlayır:

"Valideynlərimə xüsusi bir məktəbə getməli olduğumu bildirdilər. Həmin o internat məktəbi isə o qədər uzaqda idi ki, valideynlərimizlə bir-birimizi demək olar ki həftələrlə görə bilməyəcəkdik. Bunu eşidəndə biz bir-birimizə baxdıq və elə onda anladıq ki, bu təklif bizim üçün qəbulolunmazdır! Amma nə olursa olsun oxumalı idim və bütün bu illər ərzində mən məcburən ev şəraitində təhsil almalı oldum."

Digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da əlilliyi olan insanlar müstəqil və uğurlu həyat sürmək yolunda bir çox maneələrlə üzləşirlər. Bunlara yalnız ictimai məkanlara, nəqliyyat və istirahət obyektlərinə  sərbəst çıxışı əngəlləyən fiziki maneələr deyil, eyni zamanda təhsil və məşğulluq imkanlarını məhdudlaşdıran, ölkə daxilində təxminən 600 000 əlilliyi olan şəxsin və onların ailələrinin həyatına mənfi təsir göstərən qərəzli münasibətlər və stereotiplər də daxildir.

Əlilliyi olan insanların qarşısında mövcud olan bu maneələrin aradan qaldırılması üçün Azərbaycan xalqına və hökumətinə dəstək verməklə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsi olaraq, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə səylərini birləşdirərək "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsinini həyata keçirməyi qərara aldılar.

Əlilliyi olan insanlara dair fikirləri və münasibətləri dəyişdirməyə yönəlmiş bu layihənin nəticələrindən biri əlilliyi olan və olmayan 17 tələbə üçün rəsm, toxuculuq və ağac oyması üzrə ödənişsiz dərslər təklif edən Bakıda yerləşən ilk İnklyuziv İncəsənət məktəbidir.

"Əvvəlcə bu məktəbə müraciət etməklə bağlı şübhələrim var idi", deyə Nənəxanım qeyd edir. "Amma öz-özümə dedim ki, fürsəti əldən verəcək qədər qorxma! Və bu mənim indiyədək qəbul etdiyim ən yaxşı qərarlardan biri oldu.”

Hələ uşaq ikən, üç yaşında keçirdiyi beyin əməliyyatı nəticəsində Nənəxanımın fiziki hərəkətliliyi o vaxtdan bəri ciddi şəkildə məhdudlaşıb. Bütün həyatı boyu o, əlilliyi olan şəxslərin qarşılaşdıqları bərabərsizlikləri öz üzərində bilavasitə hiss edərək yaşayıb. Lakin indi, iyirmi doqquz yaşında, o kənarda qalmağı həmişəkindən daha çox rədd edir.

“İncəsənət məktəbinə getmək mənim üçün tamamilə yeni bir dünyanın qapılarını açdı. Bu yalnız rəsm çəkməklə bağlı deyil, həm də qazandığım yeni dostluqlarla bağlıdır. İndi çevrəm tərəfindən qəbul olunmağın, müəllimlərim və yoldaşlarım tərəfindən bərabər tutulmağın nə olduğunu mən də bilirəm.”

Məktəbin rəsm müəllimi Elnarə xanım deyir ki, dərslərin şagirdlərin bir çox sahələrdə özüməinamının və mənsubiyyət hissinin formalaşdırmasını müşahidə etmək onun işinin ən böyük mükafatıdır:

"Nənəxanım ilk dəfə dərsə gələndə əlilliyi səbəbilə rəsm çəkməkdə çətinlik çəkirdi”, deyə Elnarə xanım bildirir. "Ancaq zəhməti və əzmkarlığı öz bəhrəsini verdi və indi o, həmişə istədiyi şeyi etmək – rəsm çəkmək üçün kifayət qədər bacarıqlıdır!"

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, hazırda İncəsənət Məktəbində dərslər onlayn rejimdə davam etdirilir. Nənəxanım və onun qrup yoldaşları üçün tədris prosesini asanlaşdırmaq məqsədilə bütün lazımi avadanlıq və vasitələr birbaşa onların evlərinə çatdırılır və tələbələr mütəmadi olaraq onlayn dərslərdə iştirak edirlər.

İnsanların əhval-ruhiyyəsini yüksək tutmaq üçün layihə çərçivəsində cari ilin sonunda məktəbdə yaradılmış incəsənət nümunələri və əl işlərinin sərgisinin keçirilməsi planlaşdırılır. Tələbələrin əksəriyyəti üçün bu, onların hazırladıqları incəsənət nümunələrini ictimaiyyətə təqdim etmək və əl işlərinə görə müəyyən gəlir əldə etmək üçün ilk fürsət olacaq.

***

"Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi layihədir. Layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilir.