BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi media təmsilçiləri üçün “Mediada gender həssaslığının artırılması” mövzusunda təlim təşkil edib. Üç gün davam etmiş təlimin keçirilməsində məqsəd mediada gender stereotipləri, gender əsaslı zorakılıq və digər gender mövzularının işıqlandırılmasına həssas yanaşmanın təmin edilməsi məqsədilə jurnalist və bloqerləri məlumatlandırmaqdan ibarət olub.
Təlim çərçivəsində həmçinin ölkənin aparıcı media qurumlarının baş redaktor və redaktorları ilə görüş keçirilib. Görüşdə genderə həssas xəbər redaksiyalarının fəaliyyəti mövzusunda fikir mübadiləsi aparılıb.
Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun və BMT-nin Qadınlar Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.
UNFPA-nın Azərbaycan nümayəndəliyi medianın gender həssaslığının artırılması istiqamətində dayanıqlı nəticəyə nail olmaq məqsədilə 2016-cı ildən etibarən mütəmadi olaraq media nümayəndələri üçün analoji təlimlər təşkil edir.