You are here

Azərbaycanda həyata keçirilən yaşlı insanların rifahının təşviqinə yönəlmiş layihə çərçivəsində Mingəçevir şəhərində yaşlılar üçün “Yaşa” mərkəzi açılıb.

Mərkəz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində ərsəyə gəlib.

Mərkəzin yaradılmasında başlıca məqsəd yaşlı vətəndaşların asudə vaxtının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün müyəssər məkanın təmin edilməsidir. Mərkəzdə yaşlılar 3 əsas istiqamət – maarifləndirmə, sağlamlıq və yaradıcılıq üzrə rəngarəng fəaliyyətlərə cəlb olunacaq. Belə ki, mərkəz istifadəçiləri olan yaşlı vətəndaşlar üçün maliyyə savadlılığı, kompyuter bilikləri və dil kursları, həkimlərlə məlumat sessiyaları, tanınmış şəxslərlə görüşlər, yoqa və gimnastika məşğələləri, habelə vaxtlarını səmərəli və maraqlı keçirmələri məqsədilə rəsm, qurama, toxuma və digər sənət növləri üzrə məşğələlər təşkil ediləcək.

Həftənin beş günü ərzində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərən “Yaşa” mərkəzinin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.

Mərkəzin ərsəyə gəlməsində daim sosial xarakterli təşəbbüslərə dəstəyini əsirgəməyən “Kapital Bank” ASC də yaxından iştirak edib. Mərkəzin dayanıqlı fəaliyyətinin təmin olunması isə layihənin icrasına cəlb olunmuş “Üçüncü Bahar” İctimai Birliyinə həvalə edilib.