You are here

Cari ilin 15-16 oktyabr tarixlərində BMT-nin Əhali Fondunun (BMTƏF) və Şərqi Avropa Reproduktiv Sağlamlıq İnstitutunun (ŞARSİ) təşkilatçılığı ilə Bakı şəhərində gender-əsaslı zorakılığa qarşı multisektoral (əlaqələndirilmiş) cavab tədbirlərinin gücləndirilməsi mövzusunda təlim keçirilib. Təlim BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionunda ŞARSİ ilə tərəfdaşlıq zəminində 2014-cü ildən etibarən həyata keçirdiyi gender-əsaslı zorakılığa qarşı koordinasiya edilmiş multisektoral cavab tədbirlərinin təmin edilməsi ilə bağlı regional təşəbbüsün icrası çərçivəsində baş tutub.

İki gün davam edən təlimin işində BMTƏF və ŞARSİ nümayəndələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, eləcə də gender-əsaslı zorakılıqla mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və digər aidiyyatı qurumların nümayəndələri iştirak ediblər. Təlim zamanı iştirakçılara gender-əsaslı zorakılıqla mübarizədə koordinasiya edilmiş multisektoral yanaşmanın əhəmiyyəti və bu cür yanaşmanı təmin etmək üçün qabaqcıl beynəlxalq təcrübə barədə məlumat verilib, zorakılıqla üzləşmiş qız və qadınlara aidiyyatı qurumlar tərəfindən göstərilməli olan Baza Xidmətlər Toplusunun ölkə səviyyəsində tətbiqinin yolları müzakirə olunub. Vurğulanıb ki, gender-əsaslı zorakılığa qarşı effektiv multisektoral cavab mexanizminin təmin edilməsi üçün bu prosesdə iştirak edən tərəf-müqabillərinin koordinasiya edilmiş fəaliyyəti və onların arasında çevik məlumat və bilik mübadiləsinin mövcudluğu başlıca amillərdəndir.

Təlimin gedişatında gender-əsaslı zorakılıq halları ilə bağlı sənədləşmə, dəlillərin toplanması və yığılmış məlumatların saxlancının təmin olunması qaydası, yaranmış vəziyyətdə aidiyyatı səlahiyyətli qurumların nümayəndələri tərəfindən həyata keçirilməli olan müdaxilə və cavab tədbirləri, zorakılıqla üzləşmiş şəxslərə dəstək xidmətlərinin göstərilməsi zamanı risk amillərinin dəyərləndirilməsi və şəxsin təhlükəsizliyinin planlaşdırılması, eləcə də zorakılıq qurbanlarının müvafiq qurumlar üzrə yönləndirilməsi və onlarla koordinasiya edilmiş işin aparılması mexanizmləri barədə geniş təqdimatlar edilib. Eyni zamanda, müxtəlif ssenarilər üzrə praktik çalışmalar vasitəsilə mövzunun auditoriya tərəfindən mənimsənilməsinə nail olunub.      

Sonda əldə edilmiş bilik və məlumatların köməyilə Azərbaycanda gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş cavab tədbirlərinin gücləndirilməsi istiqamətində atılması mümkün olan addımların müəyyən edilməsi və həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, gender-əsaslı zorakılığa qarşı multisektoral cavab tədbirlərinin təmin edilməsi ilə bağlı BMT-nin Əhali Fondu tərəfindən başladılmış regional təşəbbüsün əsas məqsədi milli səviyyədə sosial dəstək və müdafiə xidmətləri göstərən qurumların (psixoloji yardım, hüquq-mühafizə, ədliyyə və səhiyyə sahəsində çalışan yerli təşkilatlar) və Fondun Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəaliyyət göstərən nümayəndəliklərinin gender-əsaslı zorakılığın aradan qaldırılması və onun təzahürlərinə qarşı hərtərəfli cavab tədbirlərinin görülməsindəki potensialını gücləndirməkdən ibarətdir.