BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə keçirdiyi “Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqatın təqdimat mərasimi baş tutub. Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb. Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai ölkələrin gender əsaslı zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib. “Təqdirə layiqdir ki, Azərbaycan 2010-cu ildə Məişət zorakılığının qarşısının alınması haqqında qanunu qəbul edərək, qadınlara qarşı zorakılığın dövlətin müdaxiləsini zəruri edən insan hüquqlarının pozuntusu olması ismarıcını verdi. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam. Ədalətin təmin edilməsi və zərərçəkmiş şəxslərin qorunması və onların dəstək xidmətləri ilə təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilmişdi. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur. 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, cinsi partnyoru olmuş bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar. 2016-cı ildə “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir və kişilərin 32.5%-i zorakılıq törətməsi, qadınların isə 32.1%ı zorakılığa məruz qalma halları haqqında məlumat verir. İlk baxışda bu rəqəmlər zorakılığın dinamikasında olan dəyişiklikliyə dəlalət etsə də, unutmamalıyıq ki, bu rəqəmlərin nisbi artımı həm də hökumətin BMT ilə əməkdaşlıq tədbirləri də daxil olmaqla əhali arasında bu fenomenin aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə tədbirləri nəticəsində zorakılıq hallarına dair məlumat vermə səviyyəsinin artmasının nəticəsi ola bilər.”
Öz növbəsində BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxışında qadınlara qarşı zorakılığın qarşısı alına biləcək fenomen olduğunu vurğuladı. “Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu həm Azərbaycan hökumətinin, həm də Azərbaycan əhalisinin böyük uğuru və nailiyyəti olar,”- deyə cənab Babayev öz nitqində qeyd edib.
Daha sonra hesabatın müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tədqiqatın metodologiyasının qadınlara qarşı zorakılığın səbəb olduğu xərclərin simulyasiya modeli vasitəsilə hesablanmasına şərait yaratdığını bildirib. Təqdimat zamanı xanım Qerasimenko bildirib ki, tədqiqat 2017-ci ildə qadınlara qarşı zorakılıqla əlaqəli cinayətlər və dövlət qurumları tərəfindən zərərçəkənlərə göstərilmiş sosial xidmətlər barədə inzibati məlumatlara əsaslanır. “Simulyasiyanın nəticələrinə əsasən, 2017-ci ildə zorakılığa məruz qalma ehtimalı olan qadınların sayı 211800 nəfər təşkil edə bilərdi. Qadınlara qarşı zorakılığın latentlik səviyyəsini nəzərə almaqla, 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın məcmu iqtisadi xərcləri 764 milyon ABŞ dollarına (ölkənin ÜDM-nin 1.8%-i) çata bilər. Bu təqribi xərclər rəsmi şəkildə qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələrinin iqtisadi ekvivalentindən (2.8 milyon USD) 200 dəfə daha çoxdur, çünki bu xərclər rəsmi statistikadan kənarda qalan zorakılıq hallarını da təqribi əks etdirir,” xanım Qerasimenko açıqlayıb.
Nəticələrə əsasən, 2017-ci ildə qadınlara qarşı zorakılığa cavab olaraq göstərilən xidmətlərin ümumi dəyəri 11.8 milyon ABŞ dollarına qədər ola bilərdi. Tədqiqat çərçivəsində edilmiş hesablama nəticələrinə əsasən, qadınlara qarşı zorakılıqdan zərərçəkənlərə göstərilmiş tibbi xidmətlərin dəyəri 9.8 milyon ABŞ dollarına çata bilərdi (hadisədən sonrakı profilaktik xidmətlərin və dərman vasitələrinin cari qiymətləri əsasında, qeydə alınmış qadınlara qarşı zorakılıq hadisələri üçün bu göstərici 123 min ABŞ dolları olaraq hesablanıb). Hüquq-mühafizə orqanları tərəfindən qadınlara qarşı zorakılığa qarşı adekvat cavab tədbirlərinin görülməsinə, o cümlədən cinayətlərin araşdırılması, mühafizə orderlərinin verilməsi və məhkumların cəzaçəkmə müəssisələrində saxlanılmasına 1.5 milyon ABŞ dollarına yaxın vəsait sərf olunduğu ehtimal edilib.
Qeyd edək ki, hesabatda zərərçəkənlərin aldıqları xəsarətlər və yardım üçün müraciət etmə təcrübələrini anlamaq məqsədilə, qadın əhali arasında zorakılığın yayılma səviyyələrini müəyyən etmək üçün 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılmış milli sorğunun əsas nəticələrindən də istifadə olunub. Əlavə məlumatlar toplamaq üçün yerli səhiyyə işçiləri və sosial işçilər, polis əməkdaşları və hakimlər, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və QHT-lərin nümayəndələri ilə fokus qrup müzakirələri aparılıb. Yerli ekspertlər və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən dövlət qurumlarının nümayəndələri ilə geniş müsahibələr vasitəsilə tədqiqatın strukturu və yanaşmaları müəyyən edilib. Bundan əlavə, zorakılığa məruz qalmış qadınların şəxsən sərf etdiyi xərclər və zorakılığın nəticələrini aradan qaldırmaq üçün gördükləri tədbirlər barədə məlumatlar toplamaq üçün zorakılığa məruz qalmış və yardım üçün müraciət etmiş 197 qadın arasında ünvanlı sorğu keçirilib.