You are here

Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyatı hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir.  

Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyllərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilmişdir. Bioloji normaya uyğun olaraq yenidoğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.

Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət, ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur. Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meylləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur. 

Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək vermiş, Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak etmişdir. Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir.