Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkədir

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkədir

Xəbərlər

Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkədir

calendar_today 05 December 2019

BMT-nin Əhali Fondu Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə sıx əməkdaşlıq çərçivəsində “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihənin icrasına start verib. Layihə çərçivəsində həyata keçirilən əsas tədbirlərdən biri yaşlı insanların fəal və sağlam yaşlanma potensialını qiymətləndirmək və ölçmək məqsədilə Fəal Yaşlanma İndeksinin tərtib edilməsidir. Fəal Yaşlanma İndeksinin hazırlanması məqsədilə Bakıda səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi layihə ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Cənab Zaidi, Azərbaycana səfərinizin məqsədi və burada keçirəcəyiniz görüşlər barədə məlumat vermənizi xahiş edirəm.

- Gözəl ölkənizə həmkarımla birlikdə səfər etməyimizin məqsədi BMT-nin Əhali Fondu və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Fəal Yaşlanma” layihəsi (“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi) çərçivəsində Azərbaycan üçün Fəal Yaşlanma İndeksinin ərsəyə gətirilməsi ilə bağlıdır. Səfərimizin davam edəcəyi müddət ərzində biz layihənin əsas tərəfləri olan BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Statistika Komitəsində görüşlər keçirəcəyik , ölkəniz üçün Fəal Yaşlanma İndeksinin hazırlanmasını müzakirə edəcəyik. Qeyd etmək istərdim ki, bu layihə çərçivəsində biz Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Statistika Komitəsi ilə əməkdaşlıq etməkdən çox məmnunuq.

- Fəal yaşlanma indeksi Azərbaycan cəmiyyəti üçün yeni anlayışdır. Bu indeks və onun sağlam və fəal yaşlanma yolunda əhalinin ahıl təbəqəsinin istifadə edilməyən potensialının ölçülməsindəki rolu barədə məlumat verə bilərsinizmi?

- Fəal Yaşlanma İndeksi bu və ya digər cəmiyyətdəki yaşlı insanların öz həyatlarını nə dərəcədə dolğun və əhatəli yaşaya bilmələrini qiymətləndirməyə imkan verən ölçü meyarıdır. İndiyə kimi biz bir sıra Avropa və Cənub-Şərqi Asiya ölkələrində fəal yaşlanma indeksinin tətbiq edilməsi sahəsində iş aparmışıq və qeyd etməliyəm ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkədir. Fəal Yaşlanma İndeksinin hazırlanması dedikdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvafiq məlumatların bir araya gətirilərək ölçü meyarı halına salınması başa düşülür. Bu indeks əhalinin yaşlı təbəqəsinin bütövlükdə cəmiyyətin həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni təqdim edir. Belə ki, ahıl şəxslər nə qədər sağlam və fəal həyat sürərlərsə, onların cəmiyyətə verdiyi töhfə də bir o qədər yüksək olacaq. Fəal yaşlanma indeksi də məhz bu dinamikanı izləməyə imkan verən demoqrafik ölçü alətidir.

Bu indeksin tətbiqi, eyni zamanda, ölkələr üçün əhalinin yaşlanması ilə bağlı vəziyyətin digər ölkələrlə müqayisə edilməsi baxımından əhəmiyyət kəsb edir. Belə müqayisələr adətən ölkənin hansısa sahədə (məsələn ahıl əhalinin sağlamlığı, sosial iştirakçılıq və inklüzivlik və s.) digər ölkələrdən daha yüksək və ya aşağı mövqedə olmasını üzə çıxarmağa və nəticə etibarilə sahib olduğu yüksək mövqeni qorumaq və ya can atdığı mövqeyə çatmaq üçün istifadə edilən və ya edilməli olan siyasət və proqramları təkmilləşdirməyə və ya müəyyən etməyə imkan verir. Bir sözlə, fəal yaşlanma indeksi sayəsində əhalinin yaşlı hissəsinin öz fəaliyyətləri ilə (istər ödənişli və ya könüllülük üzərində qurulmuş) cəmiyyətin rifahına verdiyi dəyər diqqətə çatdırılır. Məsələn, yaşlı vətəndaşlar sosial və icmayönümlü əhəmiyyət kəsb edən fəaliyyətlərə nə dərəcədə cəlb edilib, iqtisadi baxımdan müstəqilliyini qoruyub saxlaya biliblərmi, öz ailələri daxilində ailə üzvlərinə qayğı göstərmək imkanına hələ də malikdirlərmi və s. bu kimi meyarlar fəal yaşlanma indeksinin üzə çıxardığı mənzərənin ayrı-ayrı komponentlərindən bəzilərini təşkil edir. Bəzi hallarda apardığımız təhlillər nəticəsində bu və ya digər ölkədə ahıl vətəndaşların potensialından cəmiyyətin rifahı üçün yetərincə istifadə olunmamasını da aşkar edirik ki, bu da həmin ölkələr üçün fəal yaşlanma prosesinin daha da təkmilləşdirilməsi baxımından mühüm diaqnostik dəlilləri təqdim etməyə imkan verir.

- Fəal yaşlanma indeksi sahəsində beynəlxalq təcrübə nədən ibarətdir və Azərbaycan bu təcrübədən nə cür faydalana bilər?

- İndiyədək tərəfimizdən Avropa İttifaqına daxil olan 28 ölkə və birliyə daxil olmayan daha 3 Avropa ölkəsi (Norveç, İslandiya və İsveçrə) üçün fəal yaşlanma indeksləri hazırlanıb tətbiq edilib. Sonradan biz bu indeksin Asiya regionunda da tətbiqinə başladıq – belə ki, Asiyada ilk fəal yaşlanma indeksi Çində, daha sonra isə Cənubi Koreya, Yaponiya, İndoneziya və Tailandda tətbiq edilmişdi. Ümumilikdə deyə bilərik ki, hazırda dünyanın 35 ölkəsində özünəməxsus fəal yaşlanma indeksləri mövcuddur və bu indeksin gələcəkdə qlobal ölçü meyarı kimi formalaşması və özünü isbat etməsi mümkün olacaq. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda dünyada fəal yaşlanma ilə yanaşı sağlam yaşlanma konsepsiyası da təbliğ olunur və bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmək də doğru olmazdı. Fəal yaşlanma indeksi də, öz növbəsində, sağlam yaşlanma konsepsiyası ilə vəhdət təşkil edir. Fəal yaşlanma indeksinə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edərək hansı spesifik sahələr üzrə təkmilləşdirmələrin zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsini müəyyən edə bilərlər.

- İndeksin hazırlanması ilə bağlı görüləcək işlər Yaşlanma üzrə Beynəlxalq Madrid Fəaliyyət Proqramının prioritet istiqamətləri və “Heç kəs kənarda qalmasın” şüarı altında icra edilən 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan öhdəliklərlə necə uzlaşır?

- İlk öncə, sualı 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi ilə bağlı hissədən başlayaraq cavablandırmaq istərdim. Biz bu qlobal gündəliyin olduqca əhatəli olduğunu düşünür və hesab edirik ki, bu gündəliyin sayəsində aydın hədəfləri olan beynəlxalq səviyyəli siyasət çərçivəsinin müəyyənləşdirilməsi mümkün oldu. Eyni zamanda, bu hədəflərə nail olmaq üçün kəmiyyət və keyfiyyət indikatorları da müəyyən olunaraq həyata keçirilməyə başladı. Bu baxımdan, fikrimizcə Dayanıqlı İnkişaf Məqsədləri həm də əhalinin yaşlanması mövzusu ilə tam şəkildə uzlaşır. 2030 Gündəliyinin rəhbər götürdüyü “Heç kəs kənarda qalmasın” şüarı da bu fikirləri təsdiq edir – bu gündəlik çərçivəsində görülən işlər ahıl insanların səlahiyyətləndirilməsi yolu ilə cəmiyyətin inkişafına töhfə verməsi baxımından geniş imkanlar yaradır.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması” ideyasını təşviq edən Yaşlanma üzrə Beynəlxalq Madrid Fəaliyyət Proqramı (MIPA) 2002-ci ildə keçirilmiş Yaşlanma üzrə İkinci Ümumdünya Assambleyasında qəbul edilmişdi. XXI əsrdə yaşlanma fenomeninin həll edilməsi məqsədilə qəbul edilən bu proqramın fəaliyyəti üç prioritet sahə - yaşlı insanlar və inkişaf, ahıllığa doğru sağlamlığın və rifahın yüksəldilməsi və əlverişli və dəstəkləyici mühitin təmin olunması üzərində qurulub. Madrid proqramının qəbul edilməsindən ötən 20 ilə yaxın müddətdə bir çox müsbət və əhəmiyyətli irəliləyişlərə nail olunduğuna baxmayaraq, biz proqramın qarşısında qoyduğu məqsədlərə çatmaq üçün daha çox iş görülməsinin mümkünlüyü qənaətindəyik. Bu səbəbdən, fikrimizcə Madrid proqramının 20 illiyinin astanasında və xüsusən də 2030 Qlobal Dayanıqlı İnkişaf Gündəliyinin icrası şəraitində bu beynəlxalq çərçivəyə bir daha nəzər salınması məqsədəuyğun ola bilər.