Go Back Go Back
Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Bunun mümkün olduğunu bilmirdim”: UNFPA Azərbaycanın cənub bölgəsində təhlükəsiz doğuşun təşviqinə və İİV-in profilaktikasına dəstək göstərir

“Bunun mümkün olduğunu bilmirdim”: UNFPA Azərbaycanın cənub bölgəsində təhlükəsiz doğuşun təşviqinə və İİV-in profilaktikasına dəstək göstərir

Story

“Bunun mümkün olduğunu bilmirdim”: UNFPA Azərbaycanın cənub bölgəsində təhlükəsiz doğuşun təşviqinə və İİV-in profilaktikasına dəstək göstərir

calendar_today 21 May 2024

Tibb işçiləri Lənkəran Regional Perinatal Mərkəzində təlim simulyasiyalarında iştirak edirlər. © UNFPA Azerbaijan
Tibb işçiləri Lənkəran Regional Perinatal Mərkəzində təlim simulyasiyalarında iştirak edirlər. © UNFPA Azerbaijan

“Mən İİV-ə yoluxduğumu yalnız hamilə olarkən öyrəndim”, Azərbaycanın Lənkəran şəhərində yaşayan 27 yaşlı Aynişan Həsənova* deyir. “Yoldaşım çoxdan yoluxmuş idi, lakin bunu məndən gizlətmişdi. Mən övladımın da bu xəstəliklə doğulacağını düşünürdüm.”

Rəsmi mənbələrə əsasən, 2023-cü ildə Azərbaycanda 919 şəxs İİV-ə yoluxub, onların təqribən 7%-i hamilə qadınlar olub. Bununla belə, hazırda virusun anadan uşağa ötürülmə ehtimalını məhdudlaşdıran müalicə və prosedurlar mövcuddur.

2023-cü ilin noyabr ayında Aynişan övladını dünyaya gətirmək üçün Lənkəran Regional Perinatal Mərkəzinə yatızdırılıb. “Həkim dedi ki, uşağı yoluxmadan qorumaq olar, bunun üçün doğuş mütləq qeysəriyyə əməliyyatı ilə olmalıdır, uşağa ana südü verilməməlidir və virusun anadan uşağa ötürülməsinin profilaktikası dərman vasitəsi ilə aparılacaq. Mən belə bir ehtimalın olduğunu bilmirdim və əlbəttə ki, razılığımı verdim.”

2022-ci ildə BMT-nin Əhali Fondu (UNFPA) Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə təhlükəsiz doğuşun təşviqi, qarşısı alına bilən ana və uşaq ölümlərinin azaldılması və yerli səhiyyə müəssisələrində çalışan tibb personalı üçün təlimlərin keçirilməsi yolu ilə qadın və qızların reproduktiv sağlamlığının yaxşılaşdırılması məqsədilə “Cənub bölgəsində təhlükəsiz analıq” layihəsini həyata keçirməyə başlayıb.

Respublikada İİV-ə yoluxmuş şəxslərin müalicəsi dövlət hesabına aparılır. UNFPA-nın milli tərəfdaşlarından biri olan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ölkədə İİV-in aşkarlanması, profilaktikası və müalicəsi ilə məşğul olan yeganə mərkəzdir. Təhlükəsiz doğuş keçirmək üçün Aynişana və onu doğuşa hazırlayan tibb bacısına da məhz Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həyat qurtaran xidmətləri kömək olub.

Gülsüm Məmmədova Aynişanı doğuşa hazırlayan tibb bacılarından biri idi. Hamilədən qan nümunəsi götürərkən, iynə təsadüfən Gülsümün barmağına batır. “Bir anlıq dünya mənim üçün dayandı”, deyə Gülsüm xatırlayır: “Çox qorxdum. Övladlarım, qohumlarım gözümün önünə gəldi. İlk ağlıma gələn o oldu ki, İİV-ə yoluxdum, bunun müalicəsi yoxdur və tezliklə öləcəyəm.”

Bununla belə, Gülsüm UNFPA-nın layihəsi çərçivəsində iştirak etdiyi təlimdə öyrəndiklərini xatırlayaraq təşvişinin öhdəsindən gəlməyi bacarır. Belə ki, o artıq bilirdi ki, İİV-lə təmasdan sonrakı 72 saat ərzində post kontakt profilaktika müalicə üsulunun tətbiqi ilə virusa yoluxma ehtimalını minimuma endirmək mümkündür.

Gülsüm vaxt itirmədən perinatal mərkəzdəki həmkarlarına başına gələn hadisə barədə məlumat verir. Müəssisənin rəhbərliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etdikdən sonra Gülsümü Mərkəzə göndərirlər. “QİÇS-lə Mübarizə Mərkəzində müayinə olundum və mənə elə həmin gün dərman verildi”, deyə Gülsüm qeyd edir.  28 gün ərzində post kontakt profilaktika müalicəsini aldıqdan sonra Gülsüm təkrar müayinələrdən keçirilib və nəticə etibarilə bütün cavablar mənfi olub. Həmin hadisədən artıq 6 aydan çox zaman keçib və Gülsümdə İİV aşkarlanmayıb: “Artıq həyatıma arxayın davam edəcəyəm.”

Övladını dünyaya gətirdikdən sonra Aynişan da həyatına rahat davam edir – xoşbəxtlikdən, onun övladında da İİV əlamətləri qeydə alınmayıb: “Övladımın müayinə nəticələri 18 aydan sonra da mənfi olarsa, o sağlam hesab olunacaq.”

*Etik normalara uyğun olaraq hekayədəki ad və soyadlar dəyişdirilib.

Aidiyyatı Məzmun

No content available.