Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Ümid sonda ölür”: UNFPA-nın Dəstək Xətti gender əsaslı zorakılıqdan zərər çəkənlərə güc verir

“Ümid sonda ölür”: UNFPA-nın Dəstək Xətti gender əsaslı zorakılıqdan zərər çəkənlərə güc verir

Hekayə

“Ümid sonda ölür”: UNFPA-nın Dəstək Xətti gender əsaslı zorakılıqdan zərər çəkənlərə güc verir

calendar_today 16 July 2024

“Ümid sonda ölür”: UNFPA-nın Dəstək Xətti gender əsaslı zorakılıqdan zərər çəkənlərə güc verir
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə gender əsaslı zorakılıqdan zərər çəkənlər üçün ərsəyə gələn Dəstək Xətti yarandığı gündən indiyədək xüsusi müdafiə tədbirlərinə ehtiyacı olanlar da daxil olmaqla, qadın və qızlara qarşı zorakılıqla bağlı 1100-dən artıq zəng qəbul edib. © UNFPA Azerbaijan

Aynur* Raufla* münasibətlərinin başlanğıcını “bəxtiyar” adlandırır. 24 yaşlı Aynur Polşada magistr təhsilini yenicə tamamladıqdan sonra Azərbaycana qayıdıb karyerasına ingilis dili müəllimi kimi başlamaq üzrə ikən öz gələcək həyat yoldaşı ilə tanış olmuşdu.

Cütlük bir neçə ay içində evlənib birlikdə yaşamağa başlayır, amma elə ilk aylardan Raufun davranışları nəzarətedici və məcburedici xarakter alırdı.

“Telefonumu əlimdən aldı, televizora baxmağa, küçə-bacaya tək çıxmağa qoymurdu, o yanımda olmasa qohumlarımla telefonla danışmağa icazə vermirdi”, Aynur deyir.

Zaman keçdikcə Aynur ərinin ona xəyanət etdiyindən də şübhələnməyə başlayır, bu məsələ ilə bağlı səsini çıxaranda isə Rauf onu qidasız qoyaraq günlərlə bir otağa kilidləyir.

Aynur deyir ki, “ümid ən sonra ölür” ifadəsi o zaman onun üçün əsas prinsip idi. Məhz buna görə də hamilə qaldıqdan sonra vəziyyətin yaxşılaşacağına ümid etməyə davam edir. “Mənim nikbinliyimə baxmayaraq, qızımızın dünyaya gəlməsi belə heç bir müsbət dəyişikliyə yol açmadı, hər şey olduğu kimi davam edirdi. Hətta qaynanam və qaynatam belə ərimin davranışlarına görə məni günahlandırmağa başlamışdı.

Tədqiqat göstərir ki, Azərbaycanda qadınların üçdə biri partnyorları tərəfindən zorakılığa məruz qalsalar da, onların çox az qismi bu vəziyyətdən çıxmağa, dəstək istəməyə və zorakılığı polisə şikayət etməyə özündə güc tapır.

Yardım üçün müraciət

Baş verənlərə daha dözməyən Aynur qaçış üçün bir neçə dəfə uğursuz cəhdlər edir. Nəhayət, onun yolu UNFPA tərəfindən yaradılmış, gender əsaslı zorakılıqdan zərər çəkən qadın və qızlara psixoloji yardım göstərən və onları lazımi xidmətlərə yönəldən 860 Dəstək Xətti ilə kəsişir.

Aynur həmin ərəfələrdə övladının qəyyumluğunu itirməkdən qorxduğu və qızının qayğısına təkbaşına qala biləcəyindən şübhə duyduğu üçün boşanmaqdan çəkinir. Amma Dəstək Xəttinə etdiyi zəngdən sonra bütün suallarına cavab tapır. Dəstək Xəttinin heyəti tərəfindən təqdim edilən 8 psixoterapiya seansından sonra o, özündə güc tapıb bu vəziyyətdən birdəfəlik çıxmaq qərarına gəlir.

Dəstək Xətti vasitəsilə konsultasiya xidməti göstərən psixoloq Aygül Abbasova deyir: “Aynur seanslar boyunca özünə kənardan baxmaq imkanı qazandı, evlilikdən qabaq, işlədiyi dövrdəki həyatını xatırladı və öz bacarıqlarının fərqinə vardı.”

860 Dəstək Xətti “Takeda” Əczaçılıq Şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınlar Diqqət Mərkəzində” layihəsinin bir komponenti olmaqla, fəaliyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yürüdülür. Dəstək Xətti zorakılığa məruz qalmış şəxslərin zəruri olan səhiyyə, sığınacaq və hüquqi xidmətlər ala bilməsi üçün yönləndirmə mexanizmi təmin edir. 2020-ci ildən etibarən fəaliyyət göstərən Dəstək Xəttinin heyəti hazırda 5  əməkdaşdan – iki kliniki psixologiya üzrə ixtisaslaşmış operator, koordinator, mühasib və hüquqşünasdan ibarətdir.

Yaradıldığı gündən etibarən Dəstək Xəttinin heyəti 1100-dən artıq zəng qəbul edib, bunlardan 44-ü fərdi konsultasiyaya yönləndirilib. Zənglərin əksəriyyəti qadın və qızlardan, xüsusən də təcrid olunmuş icmalardan daxil olur. “Zorakılıqdan zərər çəkən bu şəxslərin çox zaman öz bacarıq və qabiliyyətlərinə inamları olmur və içində olduqları çətin vəziyyətdən çıxış yolunu görməyə çətinlik çəkirlər,” – deyə psixoloq Aygül Abbasova qeyd edir.

Gələcəyə baxış

Dəstək Xəttinin heyəti həmçinin Aynurun müəllimə kimi öz işinə qayıtması üçün ona mənəvi və psixoloji köməklik göstərib və bu addım onun yenidən maddi müstəqilliyinə qovuşması ilə nəticələnib.

Aynurun həyat yoldaşı və onun valideynləri sonradan Aynur və qızı ilə görüşərək müxtəlif hədiyyələrlə barışıq üçün cəhd də göstəriblər. “Ərim mənə dedi ki, evi tərk etdiyimə görə məni bağışlamağa hazırdır.”

Amma qazandığı inam və yeni imkanlarla Aynur barışıqdan imtina edir, onu öz potensialına çatmaqdan məhrum qoyan bu zorakılıq dolu həyata qayıtmaq istəmir.

“Dünənindən öyrən, bu gün üçün yaşa və sabaha ümid et”, Aynur deyir. “Keçmişimdən öyrəndiyim çox şey var, indi mən özüm və qızım üçün yaşayıram.”

*Adlar məxfilik və təhlükəsizlik səbəbilə dəyişdirilib.