Press-relizlər

Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəallıq kampaniyasına start verilir

25 Noyabr 2019

Bu gündən etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyasına start verir. Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla (GƏZ) mübarizəyə cəlb etmək məqsədi güdən bu kampaniya, adından da göründüyü kimi, hər il 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün ərzində davam edir və ənənəvi olaraq müxtəlif maarifləndirici tədbirlərin və fəaliyyətlərin keçirilməsi ilə yadda qalır.

Ötən illərdə olduğu kimi, bu il də qarşıdakı on altı gün ərzində təşkilatçılar silsilə tədbirlərlə cəmiyyətin diqqətini GƏZ fenomeni ilə mübarizəyə yönəltməyə çalışacaq. Belə ki, kampaniyanın ilk günündə GƏZ-lə mübarizə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə kampaniyanın başlanğıcını səciyyələndirən rəsmi açılış mərasimi keçiriləcək. Kampaniyanın gedişatında BMT-nin Azərbaycandakı nümayəndəliyinin və aidiyyatı dövlət qurumlarının rəsmi şəxslərinin qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağıran video müraciətlərinin, eləcə də gender əsaslı zorakılığa qarşı cəmiyyətdə həssas yanaşmanı təşviq etməyə yönəlmiş videoçarxın sosial mediada yayımlanması nəzərdə tutulur. 

Builki kampaniyanın ətrafında qurulduğu mövzulardan biri də qadınlara və qızlara qarşı zorakılığın bütün növlərinə qarşı mübarizə sahəsində mühüm beynəlxalq hüquqi çərçivələrdən biri olan İstanbul Konvensiyasıdır. Kampaniyanın həyata keçiriləcəyi günlər ərzində İstanbul Konvensiyasına dair aktual sual və cavabların əhatə olunduğu müxtəlif bukletlər və digər maarifləndirici materiallar hazırlanaraq ictimaiyyətə təqdim olunacaq. Həmçinin bu günlər ərzində mövzu barədə radio efirində ekspertlərin iştirakı ilə canlı müzakirələr aparılacaq, GƏZ-ə qarşı mübarizə sahəsində İstanbul Konvensiyasının verdiyi imkanlar barədə geniş ictimaiyyətə məlumatlar veriləcək. 

“Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən builki 16 Günlük Fəallıq kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir. Kampaniya ərzində ölkə üzrə ictimai yerlərdə (metro, avtobus dayanacaqları, ticarət mərkəzləri və s.) gender əsaslı zorakılığa məruz qalmış qadınların müvafiq peşəkar dəstək xidmətləri almaq üçün müraciət edə biləcəkləri ünvanlar barədə məlumatlar yerləşdiriləcək. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın nəticəsi olaraq, növbəti iki həftə ərzində ölkə məscidlərində veriləcək cümə xütbələrində dini baxımdan da qadınlara qarşı zorakılığının yolverilməz olmasının səsləndirilməsi nəzərdə tutulur. 

GƏZ-lə mübarizə sahəsində maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, builki kampaniya çərçivəsində həmçinin gənclərin fəal iştirakı ilə baş tutacaq silsilə təlimlərin keçirilməsi də planlaşdırılır. Azərbaycanın 5 rayonunu – Masallı, Biləsuvar, Şəmkir, Qazax və Qubanı əhatə edəcək bu təlimlər regionlarda yaşayan gənclərdə qadınlara və qızlara qarşı zorakılıq mövzusuna həssas yanaşmanın formalaşdırılmasına xidmət edəcək.

Kampaniya çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyası arasında üçtərəfli anlaşma memorandumunun imzalanması gözlənilir. Sənəd zorakılığa məruz qalmış qadın və qızların müvafiq dəstək və qayğı xidmətlərinə çıxışının effektivliyinin artırılması üçün tərəflərin daha səmərəli əməkdaşlığına şərait yaradacaq.

Sosial şəbəkə istifadəçiləri üçün gender əsaslı zorakılıq mövzusunda interaktiv sual-cavab müsabiqəsinin təşkil edilməsi də kampaniya günlərində həyata keçiriləcək fəaliyyətlər sırasındadır. İzləyicilər BMT-nin  Azərbaycan nümayəndəliyinin Facebook səhifəsində yerləşdiriləcək suallara ən tez və doğru cavab verməklə simvolik hədiyyələr qazanacaqlar.

16 Günlük Fəallıq Kampaniyası haqqında:

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Azərbaycanda kampaniya BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Qlobal Kommunikasiyalar Departamenti (UNGCD) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.