Hekayələr

“Mənim işim deyil”-ə son! Azərbaycanlı kişilər gender əsaslı zorakılığa son qoymağa çağırır

24 Avqust 2017

İmişli, Azərbaycan. “Gender əsaslı zorakılıqla mübarizədə cahillikdən və şiddətdən azad yeni bir yol açmaq üçün burdayıq,” – Vüsal, 23. “Bu məlumat sessiyasında iştirak etmək mənim üçün çox ruhlandırıcı oldu.”

Divarlarını günəşin qızdırdığı kiçik bir otaqda və qadına qarşı zorakılığı “ailə məsələsi” kimi qəbul edən bir cəmiyyətdə bir qrup cavan oğlan bu fenomenə qarşı durmaq üçün həll yolları təklif etməyə çalışır. İndiyədək kiçik İmişli kəndində kişilərin bir yerə toplanıb, gender əsaslı zorakılığın səbəblərini və mənfi təsirlərini müzakirə edəcəkləri heç kəsin ağlına belə gəlməzdi. Gender əsaslı zorakılıq həmişə əsasən şəxsi bir məsələ kimi hesab olunub və stiqma çox adamın bunu bildirməsinə və hətta bu cür müzakirələrə qoşulmasına mane olub. Nəticədə, mediadakı xəbərlərdən eşidirik ki, adətən bütün icma (qurbanın yaşadığı ətraf) evdə baş verən zorakılıqdan xəbərdar olduğunu bildirir, lakin heç kim qurbanı qorumaq üçün müdaxilə etmir.

“Gender əsaslı zorakılığın fərqli formaları haqqında olan bu məlumat sessiyası ərzində yavaş-yavaş ailə içi, yəni bilavasitə yaxınımızda olan zorakılıqdan xəbərdar oldum.” – Ziya, 28.

 

Köhnə məsələlərə yeni baxış

2016-cı ildə BMT-nın Əhali Fondu Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün təşəbbüsə başladı. Bu təşəbbüs gender əsaslı zorakılığa qarşı mübarizədə müvafiq qanunvericiliyin inkişafına həm də geniş ictimaiyyətin maarifləndirməsinə yönəlib.

BMT-nin Əhali Fondu tərəfindən layihəyə cəlb olunan Sosial və Psixoloji Araşdırmalar Mərkəzi Aran, Abşeron və Lənkəran icmalarında zorakılıqla mübarizənin və zorakılıq baş verdikdə hadisələrə müdaxilənin zərurəti haqqında maarifləndirmə işləri aparır.

“İndi bir qadının təhqir olunduğunu və ya azadlığının məhdudlaşdırıldığını görəndə nə edəcəyimi bilirəm. Bir neçə il bundan əvvəl cəmiyyətimizdəki zorakılıqlar barədə danışmaq belə qəbuledilməz idi.” – Ziya.

“Düşünürəm ki, bu mövzu hamımıza tanışdı, çünki hər birimiz bununla tez-tez üzləşirik, lakin mövzunu özümüzdən uzaqlaşdırmaq üçün özümüzə bəhanələr tapırıq.” -sessiyanın aparıldığı yeməkxananın müdiri 59 yaşlı Kəmaləddin bildirib. “İcmamızda gözlənilən məlumat sessiyaları haqqında eşitdiyim anda yeməkxanamı bu sessiyalar keçirilməsi üçün bölüşməyə və prosesə köməklik göstərməyə qərar verdim. Bununla cəmiyyət üçün dəyərli bir şey etdiyimi hiss edirəm, çünki gender əsaslı zorakılığı aradan qaldırmaq üçün əlimdən heç nəyin gəlməməsi məni ümidsiz edir.”

“Məişət zorakılığına cavab olaraq istifadə edilən mübarizə strategiyaları yerli kontekstə çox problemlidir. Məsələni adekvat şəkildə həll etmək üçün ən böyük maneələrdən biri ərin, ailənin və hətta cəmiyyətin baş verən bütün zorakılıq hadisələrində qadınları məsuliyyətli saymasıdır. Qadının baş verən hadisələrdə günahkar tutulmadığı hallarda isə o, problemi aradan qaldırmaq üçün nəsə edə biləcək və etməli olan əsas güc olaraq görünür.

 Kişilərə heç vaxt problem kimi baxılmayıb, çünki onların dəyişə biləcəklərinə heç kəs inanmır. Buna görə də BMT-nın Əhali Fondunun layihəsində kişilərin iştirakını yüksək qiymətləndirirəm. Çünki gender əsaslı zorakılıqla mübarizədə kişilərin də dəstəyinə ehtiyac var.”- bunu BMT-nin Əhali Fondunun bir neçə Azərbaycan rayonunda maarifləndirmə sessiyalarının icraçısı Sosial və Psixoloji Araşdırmalar Mərkəzinin layihə koordinatory Cavid Şahmalıyev bildirib.

USAID-in maliyyələşdirdiyi “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” layihəsi icmalar və kişi qrupları üçün bir sıra sessiyalar keçirməklə yanaşı hökumətə effektiv milli istiqamət və cavab mexanizmlərinin inkişaf etdirilməsinə dəstək verir. Sessiyalar, psixoloji və iqtisadi istismar daxil olmaqla, gender əsaslı zorakılığın əsas növləri barəsində maarifləndirmə, müdaxilə mexanizmləri, cinsi və insan hüquqları ilə bağlı məsələlərin təşviqini əhatə edir.