Xəbərlərdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub

29 Mart 2017

Azərbaycanda demoqrafiya və əhali sakinliyi üzrə hazırlanmış yeni uzunmüddətli strategiya əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılması məqsədilə qarşıdakı dövrdə də kompleks tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursunun ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla bərabər, demoqrafiya və əhali sakinliyi sahəsində müsbət meyilləri də stimullaşdırdığını vurğulayıb. Qeyd edib ki, bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. 2003-cü ilin əvvəli ilə müqayisədə əhalinin sayı 18,6 faiz artaraq 8269, 2 min nəfərdən cari ilin əvvəlinə 9810 min nəfərə çatıb. Təkcə son üç ildə ölkədə doğulanların sayı 500 min nəfərə yaxın olmaqla bu dövrdə ölənlərin sayından (166 993 nəfər) təqribən 3 dəfə çox olub. Bu da ölkədə əhali artımında təbii artımın əsas rol oynadığını göstərir. Eyni zamanda, miqrasiya artımının da əhalinin sayının ümumi artımında rolu güclənir. Bu göstərici ildən-ilə artır. Misal üçün, miqrasiya artımı 2014-cü ildə əhalinin ümumi artımının 0,9 faizini təşkil etdiyi halda, 2015-ci ildə 1 faizə, 2016-cı ildə 1,4 faizə yüksəlib. Ümumilikdə son 10 ildə, yəni 2006-2016-cı illərdə miqrasiya saldosu mənfi 0,4 min nəfərdən müsbət 1,5 min nəfərə çatıb.

Demoqrafik müstəvidə müşahidə olunan digər pozitiv meyilləri də diqqətə çatdıran nazir müsbət məqamlardan biri kimi, doğulan uşaqların sayında gender disbalansının tədricən zəifləməkdə olduğunu bildirib: “Son iki ildə artıq doğulanlar arasında qız uşaqlarının sayında müəyyən artım müşahidə olunur. Misal üçün, 2013-2014-cü illərdə doğulanların 46,4 faizi qız uşaqları idisə, 2015-2016-cı illərdə bu göstərici 46,8 faizə yüksəlib. Bu müsbət tendensiya olsa da, ölkədə doğulan uşaqların cins nisbətinin pozulması problem olaraq qalmaqda davam edir”.

S.Müslümov Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsində BMT-nin Əhali Fondunun “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramından irəli gələn prinsiplərin diqqətdə saxlandığını qeyd edib: “Son illərdə bu Təşkilatla əməkdaşlığımız daha da genişlənib. Xüsusən ölkəmizdə demoqrafiya və əhali sakinliyi üzrə hazırlanmış yeni uzunmüddətli strategiyanın - “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2017-2030-cu illər)” layihəsinin hazırlanmasında vacib olan ekspertiza dəstəyinin göstərilməsində bu əməkdaşlıq mühüm töhfəsini verib. Layihə əhalinin kəmiyyət və keyfiyyət artımının stimullaşdırılmasına yönələn kifayət qədər geniş tədbirlər kompleksini əhatə edir. Eyni zamanda, qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi çərçivəsində mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması, ilk dəfə olaraq respublikanın iqtisadi rayonlarının əhali proqnozlarının və proyeksiyaların hazırlanması işlərində də BMT-nin Əhali Fondunun dəstəyini yüksək dəyərləndiririk”.

Nazir diqqətə çatdırıb ki, qeyd edilən Dövlət Proqramı təsdiq edildikdən sonra onun icrasının monitorinqi və qiymətləndirmə sisteminin yaradılaraq tətbiq olunması, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Tədbirlər Planının hazırlanması, əhali statistikasının təkmilləşdirilməsi, ölkənin mövcud demoqrafik vəziyyətinin qiymətləndirilməsi və perspektiv inkişaf meyillərinin müəyyənləşdirilməsi üzrə təhlillərin aparılması və s. istiqamətlərdə birgə işlər davam etdiriləcək.

S.Müslümov bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı imzalanması əməkdaşlıqda yeni bir inkişaf mərhələsini açıb: “Azərbaycanın milli inkişaf prioritetlərinə uyğun olan bu yeni Ölkə Proqramı respublikamızda sağlamlıq və rifah, keyfiyyətli təhsil, gender bərabərliyi kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında da yer alan vacib istiqamətlərdə inkişaf proseslərinin təmin olunmasına yönəlib. Proqram bu məqsədlə birgə və səmərəli layihələrin həyata keçirilməsini nəzərdə tutur və qeyd olunan proseslər, eyni zamanda, müvafiq sahələrdə milli institusional potensialın artırılmasına xidmət etməklə, əhali sakinliyi və demoqrafik inkişaf üçün əhəmiyyətlidir”.

K.Kulessa Azərbaycanda demoqrafik proseslərin inkişafının, əhalinin sabit artım tempinin, mövcud resursların əhalinin kəmiyyət və keyfiyyət artımının təmin olunmasına səfərbər edilməsinin, bu yöndə siyasətin təkmilləşdirilməsi üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib. O, BMT Əhali Fondunun bu sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini ifadə edib.

Görüşdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində strateji hədəflərə, “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.