You are here

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin müraciəti

COVID-19 böhranının miqyası və doğurduğu nəticələr hər ötən gün bütün dünyada daha geniş narahatlığa və təlaşa səbəb olmaqdadır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) cinsi və reproduktiv sağlamlıq agentliyi olan BMT-nin Əhali Fondu koronavirusla mübarizə aparan hər bir şəxslə həmrəy olduğunu bəyan edir: xəstəliyə yoluxmuş insanlarla işləyən tibb işçiləri və könüllülərdən ən kəskin böhran nöqtələrinə atılmış avtobus sürücülərinə və sosial xidmət işçilərinədək. Və biz yaşadığımız əsrin ən böyük qlobal sağlamlıq böhranında yaxınlarını itirənlərlə birlikdə kədərlənir, onların ürək ağrısını bölüşürük.

COVID-19 beynəlxalq ictimaiyyəti özünəməxsus sınaqdan keçirir. Bununla belə, BMT-nin Əhali Fondunun hökumətlər, tərəfdaşlar, digər BMT agentlikləri və donorlarla əməkdaşlığı davam edir və genişlənir. Fəaliyyətin davamlılığı planları bütün səviyyələrdə təmin edilib və ən həssas və çətin durumda olanlara xidmət etmək öhdəliyimiz hazırda hər zamankindən daha güclüdür.

Əksər böhranlarda olduğu kimi, bu pandemiya da həyat qurtaran cinsi və reproduktiv sağlamlıq xidmətlərinin əlçatanlılığına ciddi şəkildə xələl gətirdi və qadınların və qızların bu xidmətlərə ən çox ehtiyac duyduğu bir zamanda aidiyyatı orqanların gender əsaslı zorakılığı önləmə imkanlarına əngəl yaratmış oldu. BMT-nin Əhali Fondu 2030-cu ilədək ailə planlaşdırılması ilə bağlı ödənilməmiş ehtiyacın sıfıra endirilməsi, ana ölümlərinə və gender-əsaslı zorakılıq və bu kimi zərərli təcrübələrə son qoyulması məqsədlərinə uyğun olaraq, qadın və qızların xüsusi ehtiyaclarını prioritetləşdirmək üçün hökumətlər və tərəfdaşlarla birgə fəaliyyət göstərir.

Kəskin humanitar böhran şəraitində olan, habelə zəif ictimai səhiyyə və sosial dəstək sisteminə malik olan ölkələrdə COVID-19-a qarşı apardığımız mücadiləni maliyyələşdirmək üçün donorlara müraciət etdik və 2020-ci il üzrə bu istiqamətə yönəldiləcək məsrəflərin 187.5 milyon ABŞ dolları dəyərində olacağını proqnozlaşdırırıq. BMT-nin Əhali Fondunun səyləri ölkələrin səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb işçilərini qorumaq üçün zəruri materialların tədarükü və çatdırılmasına, cinsi və reproduktiv sağlamlıq və gender-əsaslı zorakılıqla bağlı xidmətlərə çıxışın təmin edilməsinə və risk kommunikasiyası və icmaların iştirakçılığının təşviqinə yönələcək.  

İndi həmrəylik, qətiyyət və fədakarlıq zamanıdır. Unutmamalıyıq ki, görə bilmədiyimiz, eyni zamanda böhranın yaratdığı fəsadlar nəticəsində böyük riskə məruz qalan insanlar var:

Doğuş öncəsi tibbi yardıma ehtiyacı olan, lakin tibb müəssisəsinə müraciət etməyə tərəddüd edən hamilə qadınlar. Ev dustağı edilmiş, öz təhlükəsizliyi üçün həyəcan keçirən, partnyorunun zorakı münasibətinə məruz qalan qadınlar. Koronavirusun gəlişinədək günləri sayan və sosial özünütəcridi seçim olaraq xəyal belə edə bilməyən qaçqın düşərgələrindəki on milyonlarla insan. Əksəriyyəti təcrid olunmuş vəziyyətə düşmüş, sosial münasibətlər və ünsiyyətə möhtac olan və virusun törədə biləcəyi kəskin xəstəliyə yoluxma riskinə xüsusilə məruz qalan yaşlı insanlar.

BMT-nin Əhali Fondu mənfi təsirlərlə üzləşmiş səhiyyə sistemlərinə maddi dəstək verir və tibb işçilərinin və mama-ginekoloqların müdafiəsi sahəsində fəaliyyət göstərir. Misal üçün, Çində, İranda və Filippində fondumuz səhiyyə işçilərinə fərdi qoruyucu vasitələr, həssas durumda olan insanlara isə zəruri gigiyena və digər vasitələr paylayıb. Moldovada isə bu yaxınlarda yerli səhiyyə sistemi üçün pasiyentlərin məkan, cins, yaş və hamiləlik vəziyyəti üzrə təsnifləndirilmiş məlumatlarını cari rejimdə əks etdirən onlayn tablonu istismara verdik.

Lakin önümüzdəki çətin aylarda COVID-19 ilə mübarizə aparacağımız zaman qadın və qızların zəruri və fundamental ehtiyaclarının qarşılanmasını təmin etmək üçün daha çox iş görməliyik. Bu istiqamətdə nələr etməli olacağımızı əks etdirən bir sıra istiqamətverici sənədlər təşkilatımızın veb-saytında artıq dərc olunub.

Bu qlobal bəlaya qlobal cavab tədbirləri ilə qarşılıq verilməlidir. Biz beynəlxalq ictimaiyyəti böhranın fəsadlarına məruz qalan və bundan əziyyət çəkənlərin – həm COVID-19 ilə üzləşənlərin, həm də pandemiya üzündən arzuolunmaz təcrid vəziyyətinə düşənlərin – köməyinə gəlməyə çağırırıq. Lütfən bizə ən çox ehtiyacları olan bu zamanda qadın və qızların ləyaqəti və sağlamlığı üçün apardığımız mücadilədə bizə qoşulun, bizimlə bir olun.