You are here

Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılır. Həmin islahatların davamı olaraq bir neçə il əvvəl məişət zorakılığı haqqında məlumat bazasının təşkili və aparılması qaydaları hazırlanıb. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev AZƏRTAC-a verdiyi məxsusi müsahibədə deyib:

- Məlumat bazasına müvafiq dövlət qurumları və məişət zorakılığından zərərçəkənlərə yardım mərkəzləri həmin hallarla əlaqədar topladıqları faktları daxil edəcəklər. Məlumatın toplanılması, saxlanılması və onların əsasında zəruri hesabatların hazırlanması üçün razılaşdırılmış mexanizm işlənməsi ölkədə gender əsaslı zorakılığın müxtəlif formaları ilə bağlı meyillərin dinamikasının qiymətləndirilməsinə imkan verəcək.

Həmin vaxtdan xeyli ötməsinə baxmayaraq, təəssüf ki, indiyə qədər bazanı yaratmaq mümkün olmayıb. Bazanın yaradılması Azərbaycan hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsi qarşısındakı öhdəliklərindən biridir. BMT-nin Əhali Fondu ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bu bazanın yaradılmasına kömək göstərir.

Bazada zorakılıq hallarına dair müraciət qeydə alınan kimi həmin hadisə ilə əlaqədar yeni fayl yaranır və orada hadisə, onun barəsində müraciət edənlər haqqında məlumat, məişət zorakılığına görə valideyn hüququndan məhrum edilənlər və ya hüququ məhdudlaşdırılanlar, məişət zorakılığı sahəsində aparılan araşdırmalar və onların nəticələri barədə məlumatlar toplanılmağa başlanılacaq. Bununla yanaşı, qeydiyyatda olan yardım mərkəzləri, onların fəaliyyəti, mərkəzlərə daxil olan müraciətlər və digər vacib məlumatlar da bazaya daxil ediləcək.

Məlumat bazasına gender əsaslı zorakılıq qurbanları və onu törədənlərlə mübarizə aparan qurumların, hüquq-mühafizə orqanlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınmış qeyri-dövlət mərkəzləri, yerli icra hakimiyyəti orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən yardım mərkəzlərinin çıxışı olacaq.

Məişət zorakılığı ilə mübarizə sahəsində ən mühüm boşluqlardan biri faktlara əsaslanan informasiyanın yoxluğudur. Baza həmin boşluğu aradan qaldıraraq zorakılıq halları barədə məlumatların müvafiq qurumlar tərəfindən vaxtında və dolğun şəkildə toplanılması və saxlanılmasına, ölkədə gender zorakılığının müxtəlif formaları ilə əlaqədar meyillərin dinamikasının qiymətləndirilməsinə imkan yaradacaq. Həm də təkcə həmin məlumatların toplanmasına deyil, rast gəlinən hallar barədə vacib qərarların qəbul edilməsinə də yardım göstərəcək. Zorakılıq hallarının səbəb və nəticələri haqqında bilik və məlumatlar olması daha dolğun cavab mexanizmlərinin yaranmasına və inkişafına zəmin yaradacaq. Məlumat bazasında faktların toplanması və təhlili ölkəmizdə gender əsaslı zorakılığın azaldılması üçün qabaqlayıcı səmərəli tədbirlərin görülməsinə, müdafiə mexanizmlərin təkmilləşdirilməsi üçün hüquqi və siyasi mühitin formalaşmasına kömək edəcək.