You are here

17-19 aprel tarixlərində tanınmış Beynəlxalq ekspert xanım Pramila Pattenin Azərbaycana işgüzar səfəri baş tutub. Səfərin məqsədi Azərbaycanda məişət zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən, hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması üzrə tövsiyələr vermək idi.

Xanım Pramila Pattenin səfəri BMT-nin Əhali Fondunun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi gender-əsaslı zorakılıqla mübarizədə effektiv cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Sözügedən layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq məişət zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır.

Səfər zamanı xanım Pramila Patten Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyası, Milli Məclis, müxtəlif nazirliklər, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib, qeyd olunan məsələlər ətrafında müzakirələr aparıb. Beynəlxalq ekspert tərəfindən görüşlər zamanı məişət zorakılığı ilə mübarizə sahəsində toplanmış məlumatlar təhlil olunaraq Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması prosesində tövsiyələr şəklində hökumətə təqdim ediləcək.

Qeyd edək ki, xanım Pramila Patten beynəlxalq səviyyədə apardığı fəaliyyətlə yanaşı, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə Komitənin (CEDAW Committee) üzvüdür. Azərbaycan 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyasını (CEDAW) ratifikasiya etmişdir.