News

Azərbaycanda qızlar idmanla əlillik stiqmasına qarşı mübarizə aparır

30 July 2018

ABŞERON, Azərbaycan – 14 yaşlı Məryəm heyrət dolu gözlərlə Azərbaycanın Abşeron rayonunda qapalı futbol meydançasının kənarında dayanıb. “Mənim üçün həqiqi futbol meydançasını, həqiqi qapı torunu görmək və həqiqi futbol köynəyini geymək olduqca heyrətamiz təcrübə idi,” – deyə o söyləyib.

Həyat çox zaman autizm xəstəsi olan Məryəm kimi gəncləri təcrid edir. 2010-cu ildə aparılmış bir sorğuya əsasən, Azərbaycanda əlilliyi olan gənclərin təxminən yarısı evdə, öz həmyaşıdlarından ayrı şəkildə təhsil alırlar.

Əlilliyi olan qızların isə daha geniş cəmiyyətlə təmasda olmaq imkanları əksər hallarda oğlanlara nisbətən daha az olur. İnklüziv təhsili təşviq edən milli pilot layihələrdən birinin ilk ilində 20 iştirakçıdan cəmi beşi qız idi.

Aprel ayında BMT-nin Əhali Fondu yeniyetmə qızlar üçün oynamaq və öyrənmək imkanları yaratmaq məqsədilə Xüsusi Olimpiya Təşkilatı ilə əməkdaşlığa başlayıb. Layihə çərçivəsində həm əlilliyi olan, həm də əlilliyi olmayan qızlar üçün idman məşğələləri təşkil olunacaq. İştirakçılar, həmçinin, reproduktiv sağlamlıq və insan hüquqları haqqında maariflənəcəklər.

İlk təlim sessiyası bu yaxınlarda Bakıdan kənarda yerləşən bir stadionda keçirilib. Futbol köynəyi geyinmiş onlarla qız topu bir-birinə ötürərək məşq edib.

“Mən həmişə öz həmyaşıdlarımla oynamaq istəmişəm, lakin heç kim mənimlə öz tayı kimi rəftar etməyib”, – deyə meydan boyu topla keçid etdikdən sonra 15 yaşlı Aişə bildirir. “İndi isə biz burada çəkdiyimiz çətinlikləri bilən, lakin onları bir komanda kimi oynamağımız üçün maneə hesab etməyən qızlarla birlikdə oynayırıq.”

Şəkil: Londonda keçirilən Qlobal Əlillik Sammitində BMT-nin Əhali Fondunun icraçı direktoru Dr. Natalia Kanem əlilliyi olan insanların ehtiyacları haqqında məlumatların toplanmasını təşviq edən öhdəliyi imzalayır. BMT-nin Əhali Fondu əlilliyi olan gənc insanların cinsi və reproduktiv hüquqları mövzusunda qlobal araşdırma aparmaqdadır.     

Stiqma və ayrı-seçkilik

Tərəfdaşlığın məqsədi 14-17 yaşlı təxminən 40 iştirakçıya komanda idman növlərindən faydalanmaqda yardım etməkdir. Bununla onların özünəinamı artacaq və fiziki sağlamlıq vəziyyəti yaxşılaşacaq, onlar birgə çalışmağı öyrənəcək və onlarda müvəffəqiyyət və səlahiyyət hissi formalaşacaq.

Bu keyfiyyətlər olduqca həssas olan və nadir hallarda öz müdafiəsinə qalxmağa öyrədilmiş əlilliyi olan qızlar üçün xüsusilə vacibdir.

Azərbaycanda, ümumilikdə, qadınlar və qızların zorakılıqla üzləşmə riski narahatlıq törədəcək səviyyədədir. BMT-nin Əhali Fondu tərəfindən 2008-ci ildə aparılmış araşdırma zamanı sorğu iştirakçıları arasında qadınların 10%-in 15 yaşına çatana qədər seksual xarakterli hərəkətlərə məruz qaldığı müəyyən edilib.

Əlilliyi olan insanlar arasında bu risklər daha da yüksəkdir. Dünyanın müxtəlif yerlərində aparılmış araşdırmalargöstərir ki, əlilliyi olan insanların fiziki və cinsi zorakılığa məruz qalmaq ehtimalı əlilliyi olmayan insanlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Əqli məhdudiyyətli uşaqlar ən həssas qruplar arasındadır. Onların cinsi zorakılıqla üzləşmə riski 4.6 dəfə daha yüksəkdir.

Digər tərəfdən, əlilliyi olan gənclərin öz bədənləri və hüquqları haqqında məlumat almaq imkanları öz həmyaşıdlarına nisbətən daha azdır.

“Onlar stiqma və kəskin ayrı-seçkiliklə üzləşirlər – üstəlik aseksual olduqları üçün onların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə ehtiyaclarının olmadığı düşünülür”, – deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Dr. Natalia Kanem 24 iyul Londonda keçirilən Qlobal Əlillik Sammitində bildirib.

“Onlar hərtərəfli cinsi maariflənmə imkanından məhrum olunurlar ki, bu da onların təhlükəsiz, sağlam və sevinc bəxş edən münasibətlər qurmaq imkanlarını məhdudlaşdırır. Onların öz bədənləri haqda qərarları başqaları verir,” – deyə o bildirib.

Azərbaycandakı layihənin məqsədi qızlara özünəinam qazanmaqda yardım etmək və onlara öz reproduktiv sağlamlıqları haqqında bilik əldə etməkdə köməklik göstərməkdir.

Dünyaya qapı açmaq

Hərtərəfli cinsi maarifləndirmə gənc insanlara öz cinsi və reproduktiv sağlamlıqları, insan hüquqları haqqında biliklər qazandırır və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin necə qurula biləcəyini öyrədir.


Azərbaycandakı layihənin məqsədi qızlara özünəinam qazanmaqda
yardım etmək və onlara öz reproduktiv sağlamlıqları haqqında
bilik əldə etməkdə köməklik göstərməkdir.

Azərbaycandakı gənclər üçün futbol proqramı iştirakçılara məhz bu cür məlumatları çatdırmaq məqsədi daşıyır.

Cinsi yolla ötürülən infeksiyalar və ailə planlaması kimi mövzuları əhatə edən dərslər vasitəsilə qızlar öz bədənləri və reproduktiv sağlamlıqları haqqında maariflənəcəklər. Onlar, həmçinin, səhiyyə xidmətlərindən necə istifadə edə biləcəkləri haqqında məlumat alacaqlar. Onlar gender əsaslı zorakılığın formalarını müəyyən etməyi və bu cür zorakılığın şahidi olduqları və ya ona məruz qaldıqları halda bu barədə necə məlumat verə biləcəklərini də öyrənəcəklər.

Layihənin sosial aspektlərinin əhəmiyyəti də heç də daha az deyil.

Quracaqları dostluq və yoldaşlıq daha geniş aləmə qapı açmaqda onlara kömək edə bilər.

“Qızların bir yerdə oynadıqlarını görmək əla idi,” – deyə Xüsusi Olimpiya Təşkilatının gənclər, məktəblər və universitetlər üzrə regional meneceri Cenni Hakkinen ilk təlim gününün sonunda BMT-nin Əhali Fonduna bildirib.

“Meydanda bol enerji və istedad var idi,” – deyə o əlavə edib. “Oyunçular arasında dostluq münasibətlərinin yaranmağa başladığını görə bilirdim.”