News

Yüzlərlə şəxs imza ataraq 17 Dayanıqlı İnkişaf Məqsədinə dəstək oldu!

2 May 2017

29 aprel tarixində Bakı şəhərində Nizami küçəsində “Məqsədlərə doğru birlikdə!” sosial aksiyası keçirilib. Aksiya “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Aksiyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin dayanıqlı inkişaf məqsədləri ilə bağlı sosial fəaliyyətlərə cəlb olunması, onların iştirakı ilə inkişaf məqsədləri haqqında mesajların ötürülməsi və onların dayanıqlı inkişaf məqsədlərinə çatdırılmasında rolunun artmasıdır.

Gün ərzində davam edən aksiyada musiqili proqram çərçivəsində DJ və müxtəlif tanınmış simalar çıxışlar edərək BMT-nin qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədləri haqqında gənclərə çağırışlar edib və gəncləri “Həmrəylik lövhəsinə” imza atmağa səsləyiblər. Aksiya çərçivəsində gənclərə kampaniyanın məqsədlərini əks etdirən yaxa nişanı, kitabçalar, şarlar və digər müxtəlif təbliğat materialları paylayaraq kampaniya ilə bağlı məlumat veriblər. Aksiya zamanı həmçinin, mövzu ilə bağlı müxtəlif viktorinalar keçirilib və qalib gələn gənclərə hədiyyələr təqdim olunub. Aksiya çərçivəsində 1035 gənc lövhəyə imza ataraq 17 Dayanırlı İnkişaf Məqsədlərilə öz həmrəyliyin nümayiş etdi.

Əlavə edək ki, artıq dünya liderləri tərəfindən BMT-nin Baş Qərargahında 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən və 2016-30-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunmuşdur. İki ildən çox sürən məsləhətləşmələrdə vətəndaş cəmiyyətinin birbaşa iştirakı ilə həyata keciriləcək proseslərlə ölkələr 2030-cu ilədək dayanıqlı inkişafla yoxsulluğa son qoyacaq, rifahı təşviq etməklə ətraf mühiti qorumaq üçün yeni 17 yolun - məqsədin müəyyən edildiyi iddialı gündəlik barədə razılığa gəlmişlər.

Bunu nəzərə alaraq, məlumatlılığın artırılması və göstərilən problemləri həll etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və BMT-nin Əhali Fondu ilə birgə “Gənclər Daha Yaxşı gələcək Uğrunda” Kampaniyası çərçivəsində “Azərbaycan Gəncləri Daha Yaxşı Gələcək Uğrunda: Dayanıqlı İnkişaf Məqsədləri” layihəsini 15 noyabr 2016 - 15 iyun 2017-ci il tarixlərində həyata keçirir. Kampaniya gənclərin ictimai-sosial mövqeyinin formalaşması və beləliklə daha yaxşı gələcəkdə yaşamaları üçün məşğulluq, təhsil  sahəsində çatışmazlıqlar, sağlamlıq məsələlərində məlumatsızlıq kimi sahələri əhatə etməklə 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan Keyfiyyətli Təhsil, Gender Bərabərliyi, Yaxşı Səhiyyə və Rifah adlı 3 məqsədi özündə birləşdirir. Bu istiqamətdə “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” kampaniyası çərçivəsində keçirilən sorğu artıq başa çatıb. Sorğuda 300-dən çox gənclər təşkilatının rəhbərləri, əməkdaşları və üzvləri iştirak edib.  Həmçinin, Lənkəran, Şəki, Quba və Gəncə şəhərlərində 2 günlük təlimlər təşkil olunub. Hazırda fəal gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin məlumatlılığının artırılması məqsədi ilə kampaniya davam etdirilir. Statistik məlumatların əks olunduğu infoqrafiklər sosial şəbəkələrdə yayımlanır. Kampaniya çərçivəsində həmçinin Keyfiyyətli Təhsil, Gender Bərabərliyi və Yaxşı Səhiyyə və Rifah məqsədlərini əhatə edən 3 sosial video-çarxlar ictimaiyyətə təqdim olunub.