News

Doğulan uşaqlar arasında gender əsaslı cins seçiminə qarşı teatr tamaşasının nümayişi baş tutub

8 Noyabr 2017
BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oğlan Uşaqlarına Verilən Üstünlüyün Qarşısının Alınması Və Qızların Dəyərinin Təbliği Üzrə Qlobal Proqram” çərçivəsində “Qız yükü” adlı teatr tamaşasının nümayişi baş tutub. Tamaşanın rejissoru və müəllifi Əməkdar İncəsənət xadimi “Pantomim” teatrının rəhbəri Bəxtiyar Xanızadədir. Premyera Beynəlxalq Qız övladları gününə həsr olunmuş silsilə tədbirlərin yekunu idi. 
Tamaşa cəmiyyətdə və ailədaxilində qadınlara qarşı hökm sürən qərəzli mövqe, kişilərin ailədaxili hökmranlığı, gender ayrı-seçkiliyinə səbəb olan patriarxal qaydalar və qadınların cəmiyyətdəki rolunu dəyərsizləşdirən mənfi stereotiplərdən bəhs edir. 
Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev doğulan uşaqlar arasında cins nisbətin pozulmasının cəmiyyətə mənfi təsiri barəsində söz açdı. O, BMT-nin Əhali Fondunun bu məcrada həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verdi.
Daha sonra tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev doğulanlar arasında gender əsaslı cins seçimin demoqrafik dinamikada rolu və dövlətin bu fenomenlə mübarizədə həyata keçirdiyi proqramlardan bəhs etdi.
Teatr tamaşasının da tərkib hissəsi olan silsilə tədbirlər Beynəlxalq Qız övladları gününə həsr olunub. Bildiyiniz kimi, 2012-ci ildə BMT tərəfindən qəbul edilmiş bu Gün hər il oktyabr ayının 11–də qeyd olunur. BMT-nin Əhali Fondu Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi iki layihə çərçivəsində bu il həmin günü qeyd etmək məqsədilə qızların dəyərinin təbliğ edilməsi  üçün bir sıra tədbirlər həyata keçirib. Bunların sırasında atalar və qızlar festivalı, sosial eksperiment, foto sərgi və media əməkdaşlarının arasında yazı müsabiqəsinin keçirilməsi, həmçinin  video çarxların çəkilməsidir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hər iki layihənin icrasında əsas hökumət tərəfdaşları kimi yaxından iştirak ediblər.
Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması artıq neçə ildir ki, BMT-nin Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, doğulanlar arasında cins nisbəti 116/100 kimi davam edərsə hər il 12-15,000 daha çox oğlan uşağı dünyaya gələcək. Bu fenomenin hökm sürdüyü ölkələrin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.